×
A
A
A
Sazlamalar

Məhsuldar işləmək üçün yaxşı imkan yaranıb

Bakı, 8 aprel, AZƏRTAC

Nə qədər ki, sərbəstsən, çox vaxt onun nə demək olduğunun fərqinə varmırsan. Elə ki, müəyyən məhdudiyyətlər yaranır, onda sərbəst olduğun günlərin qədir-qiymətini anlamağa başlayırsan.
İstedadlı musiqiçi, M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Rəqs Ansamblının konsertmeysteri Aqşin Tariyeloğlu AZƏRTAC-ın müxbiri ilə telefon söhbətinə belə başlayıb. O, koronavirus pandemiyasının qarşısını almaq məqsədilə tətbiq edilən karantin rejiminə qədər hədər yerə itirilən vaxt üçün təəssüfləndiyini bildirib: “Düşünürəm ki, xeyli zamanı küləyə vermişik, halbuki həmin vaxtdan daha səmərəli istifadə etmək olardı. Təəssüf ki, zamanında çox şeyləri dəyərləndirə bilmirik. Evdə olduğumuz karantin günlərində hər gün simli alətlərin demək olar ki, hamısı ilə məşqlər edirəm. Ötən əsrin 80-ci illərindən bizim ailə ansamblımız var, lakin təəssüf ki, məlum hadisə nəticəsində təcrid olunduğumuzdan məşq edə bilmirik. Mənim çalışdığım Rəqs Ansamblının üzvləri də neçə vaxtdır ki, onlayn qaydada məşq edir, yeni musiqi nömrələri üzərində işləyirik. Son günlər bir neçə yeni musiqi nömrəsi ifa edərək sosial şəbəkələr üzərində paylaşmışıq”.
Həmsöhbətimiz karantin dövründə övladlarına daha çox vaxt ayırdığını qeyd edib: “Oğlum Azər Qara Qarayev adına 8 nömrəli Musiqi İncəsənət məktəbində təhsil alır. Son günlər onunla birlikdə məşqlər edirəm. Orta məktəbin dördüncü sinfində oxuyan qızım Mehinin dərslərinə daha çox vaxt ayırıram. Atam, əmilərim, qohumlar, dostlar, musiqiçi həmkarlarımla virtual əlaqə saxlayıram. Ümid edirəm ki, karantin günləri başa çatandan sonra həyata keçirilməli çoxlu layihələr olacaq”.
Sağlamlıq çox böyük nemətdir. Onu qorumaq üçün ən asan üsul evdə qalmaqdır. “Evdə qal“ kampaniyasına qoşulan musiqiçi sosial izolyasiya günlərinin yaradıclılıq üçün geniş imkanlar açdığını söyləyib: “İndi yaradıcılıq sahəsində məhsuldar işləmək üçün yaxşı imkan yaranıb. İş qayğılarından uzaq olduğumuz bu günlərdə köhnə lent yazılarına qulaq asır, musiqi arxivlərini araşdırıram. Həqiqətən bizim elə köhnə, unudulmuş musiqi nömrələri var ki, onlara yeni həyat vermək, repertuara salmaq lazımdır. Asudə olduğum günlərdə xeyli belə musiqilər aşkar etmişəm. Bir sıra başqa maraqlı ideyalar da var. Karantin günləri başa çatandan sonra onların hamısına həyat vəsiqəsi verməyə çalışacağıq”.

Mədəniyyət 2020-04-08 12:47:00