×
A
A
A
Sazlamalar

Onlayn sosial etibarnamənin tətbiqinə başlanılıb

Bakı, 8 aprel, AZƏRTAC
Ədliyyə Nazirliyi tərəfindən əhaliyə məsafədən göstərilən xidmətlərin genişləndirilməsi üzrə tədbirlər davam etdirilir. Bu məqsədlə müasir innovativ metodlardan istifadə olunmaqla yaradılmış “Mobil notariat” proqram təminatı vasitəsilə vətəndaşlara notariat ofisinə müraciət etmədən nəqliyyat vasitələrinin idarə olunmasına dair, həmçinin vəkillərə verilən etibarnamələrin mobil telefonlar vasitəsilə elektron qaydada rəsmiləşdirilməsi imkanı yaradılıb. Artıq elektron qaydada rəsmiləşdirilən etibarnamələrin sayı minlərlə ölçülür.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu gündən tətbiq edilən yeni xidmət vasitəsilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pulsuz və ya güzəştli dərman yardımı almaq hüququ olan vətəndaşlara Səhiyyə Nazirliyi ilə əməkdaşlıqda həftənin bütün günü 24 saat ərzində həmin dərmanları əldə etmək üçün evlərini tərk etmədən dövlətin sosial proqramından yararlanmaq məqsədilə digər şəxslərə real vaxt rejimində elektron etibarnamə vermək imkanı yaradılıb.
Sosial etibarnamənin elektron qaydada verilməsi imkanının yaradılması karantin rejimi dövründə sağlamlığının qorunması üçün evlərini tərk etməyə məhdudiyyət qoyulmuş bu xidmətlərin əsas istifadəçisi yaşı 65-dən yuxarı olan vətəndaşlar üçün xüsusi əhəmiyyət kəsb edir.
Aprelin 7-dən istifadəyə verilən və 100 mindən çox insanın faydalanacağı “Sosial etibarnamə”dən vətəndaşlar AppStore və PlayStore platformasından pulsuz “Mobil notariat” tətbiqini yükləyərək, habelə artıq istifadəçi olanlar isə proqramı yeniləməklə yararlana bilərlər. Ətraflı məlumat mobil tətbiqin sosial şəbəkə səhifələrində (www.facebook.com/mobilnotariat və www.instagram.com/mobil_notariat/) yerləşdirilib.
Qeyd olunmalıdır ki, xüsusi karantin rejimində olan vətəndaşlarımızın durumuna həssas yanaşılaraq xidmət pulsuz göstəriləcək.

Cəmiyyət 2020-04-08 12:27:00