×
A
A
A
Sazlamalar

Neftçalada ət istehsalı 15,8 faiz artıb

Neftçala, 8 aprel, Mahir Babayev, AZƏRTAC

Neftçalada aqrar sahənin digər bölmələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını daha da artırmaq məqsədilə yeni heyvandarlıq və quşçuluq təsərrüfatları yaradılır, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində heyvanların baş sayı, ət, süd və yumurta istehsalı ilbəil artır, mal-qaranın cins tərkibi yaxşılaşır.
Rayon Statistika İdarəsinin rəisi Şahin Mənəfov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hazırda rayonun heyvandarlıq və fərdi təsərrüfatlarında 43 min 342 baş mal-qara və 144 min 874 baş qoyun-keçi saxlanılır. Naxırda ana inək və camışların sayı 21 min 953 baş təşkil edir. Qoyun və keçilərin sayı 2019–cu ilin eyni dövrünə nisbətən 5 faiz çoxdur. Aprelin 1-nə rayonda 2 min 977,7 ton ət (diri çəkidə), 5 min 345,2 ton süd, 2 milyon 400 min ədəd yumurta istehsal edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 15,8 faiz, süd istehsalı 1,2 faiz, yumurta istehsalı isə 5,7 faiz çoxdur.

Kənd təsərrüfatı 2020-04-08 12:22:00