×
A
A
A
Sazlamalar

Qaradağ rayonunda dezinfeksiya tədbirləri davam etdirilir

Bakı, 8 aprel, AZƏRTAC

Qaradağ rayonunda dezinfeksiya tədbirləri davam etdirilir. Rayonda sakinlər xüsusi karantin rejiminə tabe olaraq evdən çıxmırlar. Yaşı 65-dən çox olan və tənha yaşayan sakinlər rayon icra hakimiyyətinin təşkil etdiyi xüsusi mobil qruplar tərəfindən evlərində ziyarət olunur, onlara ərzaq və dərman yardımı göstərilir.
Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, dezinfeksiya işləri bütün qəsəbələrin ərazisində hər gün davam etdirilir. Dezinfeksiya işlərini aparan 320 nəfərin hər biri lazımi püskürücü texnika, ləvazimatlar, xüsusi geyim formaları ilə təmin olunub. Onlara texnika və ləvazimatlardan istifadə qaydaları izah olunub. Aparılan dezinfeksiya işləri gündəlik nəzarətdə saxlanılır.
Xatırladaq ki, artıq bir neçə gündür, rayon ərazisindəki bütün istirahət parklarının girişləri bağlanılıb. Qəsəbələrdə yaradılmış abad məhəllələrdə sakinlərin əyləşməsi üçün nəzərdə tutulan oturacaqlardan, uşaq-əyləncə və idman qurğularından da istifadəyə qadağa qoyulub.

Cəmiyyət 2020-04-08 06:17:00