×
A
A
A
Sazlamalar

İƏT Səhiyyə Nazirləri İcraiyyə Komitəsinin koronavirusla bağlı iclası keçiriləcək

Qahirə, 8 aprel, AZƏRTAC

Aprelin 9-da İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və hazırda təşkilatda sədrlik edən Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökumətinin təşkilatçılığı ilə İƏT Səhiyyə Nazirləri İcraiyyə Komitəsinin koronavirus pandemiyasına dair videokonfransı keçiriləcək. AZƏRTAC xəbər verir ki, bu barədə təşkilatın Ciddə şəhərində yerləşən mənzil-qərargahı məlumat yayıb.
Təşkilatın baş katibi Yusif Əl-Osaymin bildirib ki, iclasda COVID-19 virusunun yayılmasının qarşısını almaq məqsədilə üzv ölkələrin Səhiyyə nazirlikləri qarşısında duran vəzifələr müzakirə olunacaq. İƏT-ə üzv dövlətlərin müvafiq qurumları yeni növ koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı görülən tədbirlər, öz ölkələrindəki vəziyyət haqqında mütəmadi informasiya mübadiləsi aparmalıdır.
İƏT Səhiyyə Nazirləri İcraiyyə Komitəsinə Səudiyyə Ərəbistanı, BƏƏ, Maldiv, Pakistan, Mavritaniya, Çad, Türkiyə, Misir, Malayziya, İndoneziya və Sudan daxildir. Komitənin iclasında İƏT-in strukturları, o cümlədən Elmi və Texnoloji Əməkdaşlıq Daimi Komitəsi (COMTECH), İslam Ölkələri Statistika, Tədqiqatlar, Treninq Mərkəzi (SESRIC), İslam İnkişaf Bankı və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) iştirak edəcəklər.

 

Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Səhiyyə 2020-04-07 17:35:00