×
A
A
A
Sazlamalar

Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması ilə bağlı Sərəncamı icra edilib VİDEO

Bakı, 7 aprel, AZƏRTAC
Aprelin 7-də Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncamını icra edib.
AZƏRTAC xəbər verir ki, Sərəncamın icrası Ombudsman Aparatının, dövlət qurumlarının, Ədliyyə nazirinin yanında fəaliyyət göstərən İctimai Komitənin, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Penitensiar Xidmətin tabeliyindəki 2, 4, 6, 7, 9, 10, 11 saylı və digər cəzaçəkmə müəssisələrində həyata keçirilib. Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin məsul əməkdaşları məhkumların saxlanıldıqları cəzaçəkmə müəssisələrinə gələrək Sərəncamın icrasını vaxtında və yüksək səviyyədə təmin ediblər.
Prezident tərəfindən əfv olunmuş şəxslər Penitensiar Xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıblar.
Ədliyyə Nazirliyinin nümayəndələri, Penitensiar Xidmətin rəhbərliyi, Ombudsman, Ədliyyə nazirinin yanında fəaliyyət göstərən İctimai Komitənin üzvləri cəzaçəkmə müəssisələrində əfv edilmiş şəxslərə, o cümlədən ahıllara, qadınlara və digər məhkumlara azad olunmaları barədə sənədləri təqdim ediblər.
Bununla əlaqədar keçirilən tədbirlərdə çıxış edənlər məhkumlara və onların ailə üzvlərinə təbriklərini çatdırıb, bu humanist aktın əhəmiyyəti barədə danışıblar. Vurğulayıblar ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin humanizm ənənələrini davam etdirən Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” 2020-ci il 6 aprel tarixli Sərəncamına əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, yaşı 65-dən yuxarı olan 176 məhkum, o cümlədən 165 kişi və 11 qadın cəzanın çəkilməmiş hissəsindən azad edilib. Dövlətimizin başçısı bu Sərəncamı dünyada koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin ona ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq imzalayıb.
Əfv olunan şəxslərin bu humanist aktdan düzgün nəticə çıxaracaqlarına, Azərbaycan dövlətinin qanunlarına əməl edəcəklərinə və cəmiyyətə adaptasiya olacaqlarına əminlik ifadə edilib. Bildirilib ki, son illər Azərbaycanda insan hüquqlarının müdafiəsi istiqamətində bir sıra humanist qərarlar qəbul olunub. Bu gün əfv və amnistiya institutları daha çevik və işlək mexanizmə çevrilib. Prezident İlham Əliyevin aprelin 6-da imzaladığı əfv Sərəncamı da bu humanizm aktlarının tərkib hissəsidir.
Azadlığa çıxan şəxslər göstərdiyi humanistliyə, mərhəmətlik siyasətinə və imzalanan əfv Sərəncamına görə dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Cəzadan azad olunan şəxslər cəmiyyətə qovuşaraq müstəqil dövlətimizin inkişafı yolunda fəaliyyət göstərəcəklərini qeyd ediblər.
Əfv Sərəncamı respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirir, xalqın dövlətə, ədalətə inamını daha da artırır.

Sosial 2020-04-07 14:35:00

Video