Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Yuğ” Teatrı “Evdə qal, teatrsız qalma” kampaniyasına qoşulub

Bakı, 7 aprel, AZƏRTAC

Koronavirus (COVID-19) pandemiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində sosial izolyasiya tədbirlərinin həyata keçirildiyi, kütləvi tədbirlərin, konsertlərin və tamaşaların ləğv edildiyi zamanda Azərbaycan Dövlət “Yuğ” Teatrı “Evdə qal” çağırışına qoşularaq, "Evdə qal, teatrsız qalma” adlı sosial kampaniyaya başlayıb.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib i, sənət ocağının əməkdaşları Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” müvafiq Fərmanına əsasən həyata keçirilən tədbirlərə fəal şəkildə qoşulur və Nazirlər Kabinetinin qərar və tövsiyələrinə ciddi riayət edirlər.
Teatrın kollektivi pandemiyanın ölkəmizə mənfi təsirinin qarşısının alınması üçün görülən tədbirlərə qoşularaq, insanları özlərinin və doğmalarının təhlükəsizliyi naminə karantin qaydalarına əməl etməyə, vaxtı səmərəli keçirməyə, evdən çıxmadan teatrla maraqlanmağa, tamaşalara baxmağa çağırır. Minimal resurslar çərçivəsində mümkün olduğu qədər teatrın tamaşaları “evdəqalteatrsızqalma” həştağı ilə sosial şəbəkələrdə paylaşılır. Aprel ayı üçün virtual nümayişi nəzərdə tutulan tamaşaların repertuarı müəyyənləşdirilib. Həftədə 2 dəfə sənət ocağının “Facebook”, və “Youtube” hesablarında tamaşaların vieoları paylaşılacaq. Həftədə bir dəfə isə arxiv tamaşaları, tamaşalardan parçalar və teatrın fəaliyyətinə həsr olunmuş televiziya verilişləri, süjetlər, reportajlar və videoçarxlar izləyicilərə təqdim olunacaq.

Teatr və kino 2020-04-07 08:25:00