×
A
A
A
Sazlamalar

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları karantin günlərində 20 imkansız ailəyə maddi yardım ediblər

Bakı, 6 aprel, AZƏRTAC 

Ölkəmizdə koronavirus infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərarların icrası ilə əlaqədar daxili işlər orqanlarının da əməkdaşları gücləndirilmiş iş rejimində xidmət edirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar olaraq Zərdab rayonuna gələn yollarda yaradılan postlarda nəzarət tədbirləri gücləndirilib, karantin qaydalarını pozan sürücü və sərnişinlər barəsində Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ciddi tədbirlər görülür. Bununla yanaşı, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin günlərində yaşlı və imkansız insanlara yardımlar edilir. Şöbənin əməkdaşları “Evdə qal!” kampaniyası çərçivəsində xüsusi karantin rejim qaydalarına uyğun olaraq çölə çıxa bilməyən tənha və yaşlı insanlara, eləcə də aztəminatlı və çoxuşaqlı ailələrlə köməklik göstəriblər.
Sonuncu dəfə Zərdab rayonunun müxtəlif kənd və qəsəbələrində yaşayan daha 20 ailəyə baş çəkən polis əməkdaşları onlara ərzaq məhsullarından ibarət bağlamalar, tibbi maska və dezinfeksiyaedici vasitələri təqdim ediblər. Polislər həmin şəxslərlə bir daha maarifləndirici söhbətlər apararaq xüsusi karantin rejimi qaydalarına riayət etməyin vacib olduğunu onların diqqətinə çatdırıblar.

Sosial 2020-04-06 18:32:00