×
A
A
A
Sazlamalar

Prezident: Azərbaycanda yaradılmış infrastruktur imkan verir ki, biz qısa müddətdə lazım olan istehsalat sahələrinin təşkilində uğur qazana bilək

Bakı, 6 aprel, AZƏRTAC 

Tibbi maska və dezinfeksiya vasitələrinin istehsalı bir daha onu göstərir ki, Azərbaycanda yaradılmış infrastruktur imkan verir, biz qısa müddət ərzində lazım olan istehsalat sahələrinin təşkilində uğur qazana bilək. Təsadüfi deyil ki, bu istehsal müəssisəsi Sumqayıtda yerləşən Kimya Sənaye Parkının ərazisində təşkil edilib. Bu park mənim təşəbbüsümlə yaradılıb və artıq burada bir çox müəssisələr fəaliyyət göstərir. Bu müəssisələr bizim qeyri-neft iqtisadiyyatımıza da böyük töhfə verir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində bildirib.
“Eyni zamanda, mövcud kadr potensialı, sahibkarlar sinfinin inkişafı, dövlət və özəl sektorun tərəfdaşlığı, daim dövlət tərəfindən özəl sektora göstərilən dəstək – həm siyasi, həm maddi dəstək, güzəştli kreditlərin verilməsi, bütün bu amillər, yeni vəziyyətə gətirib çıxardı ki, biz vətəndaşlara lazım olan vasitələri qısa müddət ərzində operativ şəkildə istehsal edək və bazara təqdim edək. Mən onu bir daha qeyd etmək istəyirəm ki, hətta inkişaf etmiş ölkələrdə bu gün maska qıtlığı var. Bizdə alınmış yeni avadanlıq, - bu avadanlığın ikinci xəttinin də gətirilməsi nəzərdə tutulur, - imkan verir ki, avtomatlaşdırılmış rejimdə böyük həcmdə, böyük sayda maskalar istehsal olunsun”, - deyə dövlətimizin başçısı qeyd edib.

İqtisadiyyat 2020-04-06 16:41:00