×
A
A
A
Sazlamalar

UFAZ-ın magistratura pilləsinə sənəd qəbulu və imtahan tarixi dəyişdirilib

Bakı, 6 aprel, AZƏRTAC

Nazirlər Kabinetinin qərarına əsasən ölkədə xüsusi karantin rejiminin tətbiq olunmasını və təhsil müəssisələrində tədris prosesinin aprelin sonuna qədər təxirə salınmasını nəzərə alaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) magistratura pilləsinə sənəd qəbulu və imtahan tarixi dəyişdirilib.
UFAZ-dan AZƏRTAC-a bildirilib ki, sənədlərin qəbulu üçün mayın 10-u son tarix müəyyən edilib, imtahan isə mayın 29-na keçirilib. Bundan əlavə, fövqəladə vəziyyət ilə əlaqədar universitetlər distant formada fəaliyyət göstərdiyi üçün tələbələrin transkript əldə etməkdə çətinlik çəkdiklərini nəzərə alaraq, sənəd qəbulu zamanı transkriptin mütləq təqdim olunma şərti aradan qaldırılaraq imtahan gününə qədər təqdim olunmasına icazə verilib.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi magistratura imtahanından 70-dən çox bal toplayan şəxslər UFAZ-ın ikinci daxili imtahanında iştirak edə bilər. İngilis dilində baş tutacaq daxili imtahan Strasburq Universiteti (Unistra) tərəfindən təşkil olunur və UFAZ-a qəbul yalnız bu imtahanın nəticələrinə (DİM nəticələri nəzərə alınmır) əsaslanır.
Təhsili ingilis dilində olmayan namizədlərdən (Azərbaycan və rus bölməsi) UFAZ-a qəbul zamanı minimum 6,5 bal IELTS / 80 bal TOEFL nəticəsi tələb olunur. Tələbələr nəticələrini mayın 29-dək təqdim edə bilərlər.
UFAZ-a qəbul imtahanı mayın 29-da seçilən magistr ixtisasları üzrə həyata keçiriləcək.
Magistratura proqramına kimya mühəndisliyi / fiziki kimya, tətbiqi kompüter elmləri (böyük verilənlər bazası və süni zəka),
Yer elmləri ixtisasları daxil edilib. Ümumilikdə 80 yer ayrılıb və bütün yerlər ödənişsizdir. Magistratura proqramı üçün UFAZ-ın qəbul imtahanında iştirak edən və seçilməyən tələbələr Azərbaycanda digər ali təhsil müəssisələrinə müraciət etmək şansını itirməyəcəklər.
Proqrama müraciət və ətraflı məlumatı https://admission.ufaz.az/en/ linki vasitəsilə əldə etmək olar.

Elm və təhsil 2020-04-06 15:25:00