×
A
A
A
Sazlamalar

Beynəlxalq maliyyə bazarlarında baş verənlər Neft Fondunun daxilolmalarına və investisiya portfelinə təsirsiz ötüşmür

Bakı, 6 aprel, AZƏRTAC

Beynəlxalq maliyyə bazarlarında baş verənlər Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) da daxilolmalarına və investisiya portfelinə təsirsiz ötüşmür.
Bu barədə AZƏRTAC-a ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.
“Təbii ki, bu gün dünya iqtisadiyyatında, eləcə də beynəlxalq maliyyə bazarlarında baş verənlər ARDNF-in də daxilolmalarına və investisiya portfelinə təsirsiz ötüşmür. Bu gün Neft Fondunun investisiya portfelinin 80 faizdən çoxu yüksək likvid və daha az qiymət dəyişkənliyi ilə xarakterizə olunan sabit gəlirli qiymətli kağızlar və qızıldan ibarətdir ki, məlum olduğu kimi bu aktivlər də böhran dövrlərində daha etibarlı alətlər hesab olunurlar. Bir daha qeyd edirik ki, beynəlxalq maliyyə bazarları dünya iqtisadiyyatının güzgüsüdür. Əgər bu gün bütün dünyada insanlar daha az məhsul və xidmətlər istehlak edir, şirkətlər bunun müqabilində öz istehsal imkanlarından daha az istifadə edirlərsə, bu o deməkdir ki, onların gəlirləri azalır və nəticə etibarilə də bu onların birjada kotirovka olunan səhmlərinin qiymətinə təsir edir. Həmin səhmlər də bu gün demək olar ki, bütün institusional investorların portfellərinin tərkib hissəsidir. Digər suveren fondlar kimi ARDNF-in də investisiya portfelində bu dalğalanmalar qısamüddətli qiymət dəyişkənliyindən yaranan realizə edilməmiş müvəqqəti zərər kimi öz əksini tapacaq və fondun informasiya siyasətinə uyğun şəkildə ictimaiyyətə çatdırılacaq”, - deyə məlumatda qeyd olunur.

Neft - qaz 2020-04-06 15:02:00