×
A
A
A
Sazlamalar

“Caspian European Club” “Online business training”in təşkilinə başlayıb

Bakı, 6 aprel, AZƏRTAC

Karantin dövründə biznes nümayəndələrinə dəstək vermək məqsədilə “Caspian European Club” öz resurslarında və sosial şəbəkələrdə birbaşa yayım rejimində “Online business training” təşkil edəcək.
Bu barədə AZƏRTAC-a “Caspian European Club” və “Caspian Energy” qrupunun sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
T.Əliyevin sözlərinə görə, bu gün “Online business training”in keçirilməsi olduqca aktualdır. Belə ki, biznes nümayəndələri ciddi çətinliklərlə qarşılaşıb, onların böyük əksəriyyəti personal və biznesi məsafədən idarə etməyə uyğunlaşmalıdırlar. “Online business training” IT, insan resursları, miqrasiya, vergi, gömrük, onlayn-ticarət və digər sahələrin aparıcı biznes-təlimçi, hüquqşünas, ekspertləri tərəfindən həftədə üç dəfə keçiriləcək.
Aprelin 6-da saat 20:00-da təşkil olunacaq birinci “Online business training” onlayn-ticarət mövzusuna həsr olunacaq. Treninqi “Cubics Technology “şirkətinin biznesin inkişafı üzrə direktoru Çingiz Piri-zadə aparacaq. Çərşənbə günü, aprelin 8-də tanınmış biznes-təlimçi İlham Əfəndiyev biznes nümayəndələrinə böhran dövründə səmərəli satış barədə məlumat verəcək. Treninqlər həftəsinə cümə günü, aprelin 10-da “Mirzayev and Partners Legal Firm” hüquq şirkətinin baş direktoru Şaiq Mirzəyev yekun vuracaq. O, karantin dövründə vətəndaş-hüquq normalarının tətbiqi barəsində danışacaq.
“Online business training” “Caspian European Club” tərəfindən beynəlxalq biznes-netvorkinq üçün yaradılmış yeni formatdır. Tədbir çərçivəsində dövlət və özəl şirkət və təşkilatların top-menecerləri tərəfindən treninq, seminar və master-klass təşkil olunur. “Online business training” çərçivəsində şirkətlərin canlı efir vasitəsilə onları maraqlandıran suallar ünvanlamaq və cavab almaq, COVID-19 koronavirus pandemiyası dövründə şirkətlərin qarşılaşdıqları problemlərin həlli üçün hazır reseptlər əldə etmək imkanı qazanırlar.
“Online business training”in cədvəli ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz: http://caspianenergyforum.com/mail/
Biznes-treninqlər “Caspian European Club”un rəsmi “Facebook” səhifəsində (https://www.facebook.com/caspianenergy/) keçiriləcək.
Sıralarında 50 ölkədən 5 mindən çox şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda yaradılıb. Klubun mənzil-qərargahı Bakıda yerləşir. “Caspian European Club”un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ, Almaniya, Polşa, Latviya və Çexiyada səlahiyyətli nümayəndələri var.

İqtisadiyyat 2020-04-06 14:14:00