×
A
A
A
Sazlamalar

Azərbaycanın ABŞ-dakı vətəndaşları üçün onlayn konsulluq xidməti layihəsinə start verilib

Vaşinqton, 4 aprel, AZƏRTAC 

ABŞ-Azərbaycan Ticarət Palatası və Azərbaycanın ABŞ-dakı səfirliyinin birgə onlayn konsulluq məsləhətləşmələr layihəsinə start verilib.
AZƏRTAC xəbər verir ki, ABŞ-Azərbaycan Ticarət Palatasının təşəbbüsü və ölkəmizin ABŞ-dakı səfirliyinin iştirakı ilə birgə canlı vebinar sessiyası baş tutub. Sessiyanın moderatoru ABŞ-Azərbaycan ticarət palatasının icraçı direktoru Natiq Baxışov, sessiyanın iştirakçıları səfirliyin əməkdaşları - müşavir Vüqar Qurbanov, konsul Emil Muradzadə, konsul Fidan Muradzadə, siyasi məsələlər üzrə əməkdaş Şəlalə Vəliyeva olublar.
Onlayn sessiyanın əsas məqsədi ABŞ-da yaşayan Azərbaycan vətəndaşlarına son məlumatları çatdırmaq, onların suallarını cavablandırmaq və fikir mübadiləsi aparmaq olub. Bu xüsusda sessiya zamanı COVID-19 pandemiyası ilə bağlı Azərbaycanda görülmüş işlər, ABŞ-dakı mövcud vəziyyət və yaranmış vəziyyətlə bağlı tövsiyələr verilib.
Müzakirələr zamanı pandemiya ilə əlaqədar səfirliyin xüsusi rejimdə fəaliyyət göstərdiyi bildirilib. ABŞ-da yaşayan, burada təhsil alan, müvəqqəti səyahətdə olan vətəndaşlarımızın COVID-19 pandemiyası ilə əlaqədar sualları yaranacağı təqdirdə səfirliyin 24/7 rejimində fəaliyyət göstərən qaynar xətt nömrələri izləyicilərin diqqətinə bir daha çatdırılıb.
Bundan əlavə, martın 23-də Azərbaycan Hava Yolları QSC tərəfindən Bakı-Nyu-York uçuş reysinin müvəqqəti olaraq dayandırıldığı vurğulanıb, səfərlərə getməyin sağlamlığa ciddi risk yaratdığı xatırladılıb və bu xüsusda mümkün risklərdən qorunmaq üçün vətəndaşlarımıza xarici səfərlərdən çəkinmək və yerli karantin qaydalarına ciddi şəkildə riayət etmək tövsiyə edilib.
Bundan əlavə, çıxışlar zamanı qeyd olunub ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının (COVID-19) pandemiya elan olunduğunu nəzərə alaraq, Azərbaycan Respublikası ərazisində virusun yayılmasının qarşısını almaq məqsədilə martın 12-dən etibarən “ASAN Viza” elektron sistemi vasitəsilə 45 gün müddətinə vizaların rəsmiləşdirilməsi dayandırılıb. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan Respublikasına səfər etmək istəyən xarici ölkə vətəndaşlarının viza rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikasının müvafiq səfirlik və Baş Konsulluqlarına müraciət etmələri xahiş olunub. Əcnəbilərin viza rəsmiləşdirilməsinə müraciət etdikdə onlardan COVID-19 testindən keçmələri barədə tibbi arayışın tələb olunacağı qeyd edilib.
Vebinar zamanı, ABŞ-da yaşayan soydaşlarımıza ABŞ-a səfərləri zamanı bu ölkədə qalma müddətinin müəyyən edilmə qaydaları və bu müddətin onların özləri tərəfindən yoxlanılma üsulları barədə də məlumat verilib.
Daha sonra səfirlik əməkdaşları canlı yayıma qoşulan izləyicilər tərəfindən ünvanlanan suallara ətraflı cavablar verib. Bir daha, ABŞ-da fövqəladə vəziyyət elan olunduğunu nəzərə alaraq, ABŞ-da yaşayan Azərbaycan Respublikası vətəndaşlarından müvafiq konsulluq bölmələrində qeydiyyata düşmələri xahiş olunub. Belə ki, bu qeydiyyat təcili məsələlər də daxil olmaqla daha səmərəli konsulluq xidmətlərinin göstərilməsi və vacib informasiyaların əldə edilməsi üçün nəzərdə tutulub.
ABŞ-Azərbaycan Ticarət Palatası və ölkəmizin ABŞ-dakı səfirliyi birgə şəkildə COVID-19 böhranı dövründə belə vebinarların həftəlik əsaslarda keçirilməsini nəzərdə tutur.

AZƏRTAC-ın Vaşinqton bürosu

Siyasət 2020-04-04 18:48:00