×
A
A
A
Sazlamalar

Naftalanda xüsusi karantin rejimi ilə əlaqədar profilaktik tədbirlər davam etdirilir

Naftalan, 4 aprel, Rauf Hacıyev, AZƏRTAC
Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədi ilə Naftalan şəhəri ərazisində əhalinin sıx toplaşdığı ərazilərdə fərdi izahetmə-xəbərdarlıq işlərinin aparılması üçün yaradılan mobil qruplar şəhərin müxtəlif küçələrində, parklarda karantin rejiminin tələblərinə əməl etməyən vətəndaşlarla fərdi söhbətlər aparır, vətəndaşları xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə dəvət edirlər.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, həmçinin polis əməkdaşları nəqliyyat vasitələri ilə binaların qarşısında və məhəllələrdə səsgücləndiricilər vasitəsi ilə vətəndaşları ehtiyac olmadıqda evdən çıxmamağa çağırır, xüsusi karantin rejiminin digər tələblərinin yerinə yetirilməsinə dəvət edirlər.
Qeyd edilib ki, şəhər sakinlərinin daha sıx olduğu yerlərdəki mövcud oturacaqlar yığışdırılıb, binaların həyətindəki söhbətgahların girişləri lentlər vasitəsilə bağlanıb, ictimai-iaşə obyektlərinin işinə nəzarət gücləndirilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahın rayonlararası və şəhərlərarası nəqliyyat hərəkətinin tam dayandırılması ilə əlaqədar müvafiq Qərarına əsasən polis əməkdaşları tərəfindən şəhərin giriş-çıxış hissələrində postlar qurulub, təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, həmçinin yük avtomobillərinin hərəkəti istisna olmaqla, nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Bütün təbliğat, maarifləndirmə dezinfeksiya və digər zəruri işlərin görülməsi gün ərzində davam etdirilir.

Regionlar 2020-04-04 16:22:00