×
A
A
A
Sazlamalar

Abşeronlular “evdə qal, həyatları xilas et!” deyir

Xırdalan, 4 aprel, Ətrabə Rzayeva, AZƏRTAC

Abşeronda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə rayon ərazisində mütəmadi olaraq dezinfeksiya tədbirləri həyata keçirilir. Hazırda Abşeronda epidemioloji durum ciddi nəzarət altında saxlanılmaqla yanaşı, önləyici tədbirlərin reallaşdırılması da diqqət mərkəzindədir.
AZƏRTAC xəbər verir ki, rayon operativ qərargahının tərtib etdiyi qrafik əsasında Gigiyena və Epidemiologiya Mərkəzinin və Mənzil-kommunal İstismar Sahələrinin əməkdaşları tərəfindən Xırdalan şəhəri də daxil olmaqla, kənd və qəsəbələrdə küçə və prospektlər, parklar, binaların həyətləri, bloklar və liftlər mütəmadi olaraq dezinfeksiya edilir. Rayonda mərkəzi bazar, ictimai iaşə və ticarət obyektlərində, məişət tullantılarının atıldığı konteyner meydançalarında, dükanların qarşısı, dayanacaqlar, bir sözlə, insanların yığcam toplaşa biləcəyi bütün yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər gündəlik olaraq aparılır. O cümlədən “AAAF Park Yaşayış Kompleksi”ndə xüsusi texnikalardan istifadə olunaraq su şırnaqları ilə küçə və məhəllədaxili yollar yuyularaq dezinfeksiya edilib. Yaşayış binalarının ətraflarında, girişlərində, liftlərdə, pilləkən qəfəslərində və həyətlərdə dezinfeksiya işləri həyata keçirilib.
Abşeron rayonu ərazisində maarifləndirmə işlərinin də fasiləsiz olaraq aparılması rayon operativ qərargahının diqqət mərkəzində saxlanılır, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri sakinlərə çatdırılır və onlara evdə qalmaları tövsiyə edilir. Eləcə də kənd və qəsəbələrin icra nümayəndəliklərinin və könüllülərin iştirakı ilə ahılların evdən çıxmadan ərzaq və dərman preparatları ilə təmin olunması həyata keçirilir. Rayon icra hakimiyyətinin rəsmi facebook səhifəsində və İnternet resurslarında “evdə qal, həyatları xilas et!” devizi altında çağırışlar edilir.

Regionlar 2020-04-04 14:33:00