×
A
A
A
Sazlamalar

COVID-19 pandemiyası dövründə ali audit orqanlarının fəaliyyətinin təşkili açıqlanıb

Bakı, 4 aprel, AZƏRTAC

Dünyanı bürüyən və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya olaraq dəyərləndirilən yeni növ koronavirusla (COVID-19) mübarizə çərçivəsində ölkələrdə xüsusi karantin rejimi tətbiq olunmaqdadır. Bu rejim ictimai həyatın bütün sahələrini, dövlət qurumlarının, o cümlədən ali audit orqanlarının (AAO) fəaliyyətini müəyyən mənada məhdudlaşdırır.
AZƏRTAC xəbər verir ki, Hesablama Palatası beynəlxalq təcrübəni araşdıraraq pandemiya şəraitində ali audit orqanlarının öz fəaliyyətlərini necə qurduqları barədə məlumatları təqdim edir.
Belarus COVID-19-un təsirinə məruz qalmayan ölkələrdəndir və bu ölkədə AAO öz fəaliyyətini adi rejimdə davam etdirir.
Braziliyada virusla mübarizə sahəsində Xüsusi Plan çərçivəsində epidimeya ilə mübarizə aparan qurumların auditinin həyata keçirilməsi nəzərdə tutulur və Səhiyyə Nazirliyində auditlə bağlı qərar qəbul olunub.
Rusiyada Hesablama Palatasının sədri tərəfindən 2020-ci il martın 27-də evdən iş rejimində fəaliyyət göstərə bilən əməkdaşların müəyyənləşdirilməsi ilə bağlı qaydalar təsdiqlənib. Rusiya AAO-da bəzi işçilər, xüsusilə rəhbərlik və kollegiya üzvləri, şöbə müdirləri, mütləq mənada yoxlayıcı şöbələrin müdirləri işə getməkdə davam edir. Binaya daxil olmaqla bağlı icazəsi olan əməkdaşların siyahısı təsdiq edilib. “Telegram” şəbəkəsi vasitəsilə bütün əməkdaşlarla müzakirələr qrupları yaradılıb və hüquq və kadrlar şöbəsi oraya bütün yenilikləri yerləşdirir, həmçinin AAO-nun sədr ilə birbaşa görüş də həmin proqramda təşkil edilib. AAO məhdud sayda auditləri davam etdirir. Bəzi əməkdaşlar audit yerlərindən çağrılsalar da, bəziləri Rusiyanın müxtəlif bölgələrinə ezam olunduqları yerdən çalışırlar.
Türkiyədə son mərhələdə olan auditlərin hesabatları hazırlanır, “Saycap” proqramı vasitəsilə evdən iş təmin edilib. Nəzarət tədbirləri üzrə hesabatlar hazırlandıqdan sonra audit obyektlərinə göndərilməsi nəzərdə tutulur.
Serbiyada səmərəlilik (performans) auditlərinin planlaşdırılması aparılır, mümkün istiqamətlərdə həmin auditlər aparılır (quruma getməmək şərti ilə), iclaslar “Skype” vasitəsilə keçirilir, evdən ofisdə olan sənədlərə çıxış imkanları yaradılıb.
Küveyt AAO-da iş tam dayandırılıb, lakin dövlət satınalmalarını təsdiq etmək üçün təhlil aparan qrup çalışır. Qurumların elektron bazasının olmaması evdən iş rejimini təmin etməyə imkan vermir.
Qırğızıstanda fövqəladə şərait elan edilib, gündüzlər karantin rejimi, gecələr isə komendant saatı tətbiq olunur. AAO bütün auditləri dayandırıb və distant rejimdə nə etmək mümkündürsə yalnız həmin işlər həyata keçirilir.
Moldovada AAO əməkdaşları iş yerinə yalnız zərurət daxilində gəlir və evdən iş rejiminə keçirilib. Qanuna görə, bütün qurumların mütləq maliyyə auditi keçirilməlidir və həmin auditlər distant aparılır. Qurumlara çox nadir hallarda gedilir, bu baxımdan auditləri aparmaq çətinləşib. Mayda bu hesabatlar, o cümlədən dövlət büdcəsi, sosial sığorta və tibbi sığorta fondlarının büdcələri barədə hesabatlar parlamentə təqdim edilməlidir, lakin hansı qərarın veriləcəyi hələ müəyyən deyil.
Danimarkada AAO distant iş rejimi tətbiq edib, “Postnord” poçt xidmətinin uçot siyasəti yoxlanılır və varislik məsələləri üzrə məhkəmələrə müraciətlər təhlil edilir.
Kubada XIV ümummilli daxili nəzarət yoxlamaları qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
Bir çox ölkələrdə, o cümlədən Almaniya, Norveç, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Finlandiya, Latviya, Butan, Filippin və Meksika AAO-ları evdən iş rejimində fəaliyyət göstərir.
Azərbaycanda tətbiq edilən xüsusi rejimin şərtləri nəzərə alınaraq Hesablama Palatasının sədri tərəfindən müvafiq əmr imzalanıb. Əmrdə Hesablama Palatasının fəaliyyətinin təşkili, evdən çalışmaq imkanlarının tətbiqi, cari auditlər üzrə həyata keçirilməli olan addımlar öz əksini tapıb. 2019-cu ildən tətbiq olunan və audit fəaliyyətinin bütün mərhələlərini distant şəkildə təşkil etmək imkanı yaradan “AFIS” proqramı vasitəsilə başa çatmaqda olan auditlər üzrə fəaliyyətin həyata keçirilməsi, o cümlədən yoxlama qrupunun hesabatının tərtib olunması tapşırıqları verilib.
Qeyd edək ki, Hesablama Palatası infeksiyanın qarşısının alınması ilə bağlı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təxirəsalınmaz tədbirləri dəstəkləmək və həmrəylik məqsədilə, kollektivin müraciətini diqqətə alaraq, Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürülməsi barədə qərar qəbul edib və 148,3 min manat məbləğində vəsait fonda köçürülüb.

İqtisadiyyat 2020-04-04 12:51:00