×
A
A
A
Sazlamalar

® “Rabitəbank”ın sədri Elçin Qədimov: Dövlət proqramı sahibkarlara böyük dəstək olacaq

MDB dövlətləri arasında iqtisadiyyatının həcminə nisbətdə, belə həcmli dövlət dəstəyi məhz Azərbaycanda ayrılıb

“Rabitəbank”ın idarə heyətinin sədri Elçin Qədimov son günlər koronavirus pandemiyası ilə əlaqəli olaraq, mövcud vəziyyətlə bağlı ölkədə atılan addımları və postpandemiya dövrünü şərh edib.

- İqtisadi sektorlar və sahibkarlar üçün geniş və əhatəli dövlət dəstəyi proqramları hazırlanıb. Bu proqramın önəmini necə şərh edərsiniz?
- İlk öncə qeyd etmək istərdim ki, bu gün bütün dünyada hökm sürən koronavirus pandemiyası bir çox qərarların çevik və sürətli verilməsinə səbəb olub. Hər ölkə öz siyasi və iqtisadi vəziyyətinə uyğun bu problemin həll olunmasına dair qərarlar verir.
Məhz qlobal pandemiyanın fonunda mart ayının 19-da Prezident İlham Əliyev ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin görülməsinə dair Sərəncam imzalayıb. İşçi qrupları yaradılıb, nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsinə dövlət büdcəsindən 1 milyard manat vəsait ayrılıb. İstər əhalinin sağlamlığının qorunması, istərsə də ölkə iqtisadiyyatına pandemiyanın təsirinin minimallaşdırılması istiqamətində mühüm qərarlar verilir və ən əsası bir çox ölkələrdən fərqli olaraq, verilən qərarlar pandemiyanın yarada biləcək mənfi təsirlərini görərək hadisələri qabaqlayır.
Vurğulamaq istərdim ki, İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış təkliflərin ilkin maliyyə həcmi 2,5 milyard manat məbləğində təyin olunub ki, ölkəmizin iqtisadiyyatının həcminə, MDB dövlətləri arasında da iqtisadiyyatının həcminə nisbətdə, belə həcmli dövlət dəstəyi məhz Azərbaycanda ayrılıb və bu məbləğ ÜDM-in 3 faizinə bərabərdir.
Proqram çərçivəsində dövlət dəstəyindən 290 mindən çox kiçik sahibkar faydalanacaq ki, bu pandemiyanın təsirindən irəli gələn iqtisadi gərginliyin qarşısını alacaq, eyni zamanda, iqtisadi aktivliyin qorunmasına töhfə verəcək.
- Proqramda sosial məqamlarla yanaşı, banklar və sahibkarlarla əlaqəli müddəalar yer alır. Bununla bağlı nə deyə bilərsiniz. Güzəştlər nə zaman və necə tətbiq ediləcək?
- Bəli. Proqramda sosial rifahla yanaşı, sahibkarlıq fəaliyyətinə də xüsusi yer ayrılıb. Bu yalnızca bank deyil, vergi məsuliyyəti olan hər bir sahibkar üçün və sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaş üçün önəmli məqamdır. Bir neçə əsas məsələlər var ki, onlar xüsusi ilə gözlənilən və müsbət təsiri ehtiva edir:
• Biznesə vergi güzəştləri və imtiyazlar verilməsi hesabına ən çox mənfi təsir altında olan sahibkarlar və sferaların qorunması, onların əlavə likvidlik təzyiqi ilə üzləşməməsi,
• Sahibkarların bank kreditlərinə kömək məqsədilə 1 milyard manat həcmində mövcud kreditlərə dəstək proqramı təqdim olunması
• Əlavə olaraq sahibkarlara bizneslərin davamlığını təmin etmək üçün yeni veriləcək kreditlərinin 60 faizi həcmində dövlət tərəfindən zəmanət mexanizminin təqdim olunması, həmçinin həmin kreditlərin aşağı faizlə və uzun müddətə verilməsi təmin ediləcək. Bu kreditlər üzrə faizlərin yarısı - 7,5 faiz olmaqla Sahibkarlığın İnkişafı Fondu vasitəsilə subsidiyalaşdırılacaq. Bununla da həm sahibkarlıq inkişaf edəcək, həm də dayanıqlı inkişafın davam etməsinə köməklik göstərəcək.
• İpoteka kreditləri dəstəklənməsi proqramının çərçivəsində görüləcək işlər ölkəmizdə tikinti sektoruna təkan verməsi gözlənilir. Bu sektorun multiplikator effektini nəzərə alsaq, yəni ki digər sahələrə göstərdiyi müsbət təsir nəzərdə tutulur, bu sektorla əlaqəli digər biznes sahələrinin canlandırması, o cümlədən tikinti materiallarının yerli istehsalatının daha da artacağı və nəticədə ölkə əhalisinin mənzillərlə təmin olunması prosesinə ciddi təsir göstərəcəyi gözlənilir.
• Sərnişindaşıma əhəmiyyətli müəssisələrinə dəstək, əhalinin elektrik enerjisinin kommunal limitinin artırılması, tələbələrin təhsil xərclərinin ödənilməsi proqramları isə ölkədə sosial vəziyyətin stabilliyi və əhalinin sosial rifahı üçün önəmli məqamdır.

- Ümumiyyətlə hazırkı vəziyyətdə bank öz müştərilərinə necə xidmət göstərir? Bank xidmətləri nə qədər əlçatan və banka səfərlər müştərilər üçün təhlükəsizdir?
- Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə riayət etməklə yanaşı, sosial məsuliyyəti olan hər bir müəssisə vətəndaşın təhlükəsizliyi üçün əlindən gələni etməlidir. Bankımız mövcud vəziyyətdə müştərilərimizin sağlamlığını düşünərək qanunvericiliyin yol verdiyi çərçivələrdə müştərilərə bütün bank xidmətlərini göstərməkdə davam edir. İstər ənənəvi, istər rəqəmsal platformada bankımız müştərilərimizə xidmət göstərir. Demək olar ki, bank xidmətlərinin əksəriyyəti rəqəmsal platformalarımızda mövcud, rahat və təhlükəsizdir. Ənənəvi xidmətimizdə isə, Operativ Qərargahın tələblərinə tam uyaraq müştərilərimizə xidmət göstərməyə davam edirik. Əlavə olaraq xidmət məkanlarımız dezinfeksiya olunur və müştərilərə məsafə saxlayaraq xidmətimiz davam etdirilir.

- Postpandemiya dövründə bankçılıq sahəsində nələr gözlənilir? Nələr dəyişəcək?
- Dövlət proqramının miqyasını və ən əsası vaxtı-vaxtında təqdim olunması sahibkarlarda maliyyə dəstəyi ilə yanaşı, bizneslərin perspektivləri və dövlətin biznes üçün əlverişli şəraitin yaradılması məsələsini daim diqqət mərkəzində saxlanılması barədə əminlik yaradır. Gələcəyə nikbin baxış və müsbət iqtisadi iqlim istənilən biznes üçün zəruri amillərdir və bu baxımdan düşünürəm ki, yerli sahibkarlar pandemiya dövründən sonra qısa müddətdə biznes aktivliyini əvvəlki həcmdə olmaqla bərpa ediləcək.
Postpandemiya dövrünün digər önəmli xüsusiyyətlərdən birinin rəqəmsal kanallardan daha da aktiv istifadə olacağını düşünürəm. Pandemiya zamanı məcburiyyətdən irəli gələrək rəqəmsal kanalları istifadə edən həm bizneslər, həmdə əhali, məsafədən bank xidmələrindən istifadənin rahatlığı ilə yanaşı, daha qənaətli və sürətli olmağını hiss edib. Bu yeni vərdişlər postpandemiya dövründə də ənənəvi formaya çevriləcək.
Söhbətimizin sonunda fürsətdən istifadə edib hər kəsə öz sağlamlığını qorumağa, karantin rejiminin tələblərinə riayət etmələrini xahiş etmək istərdim ki, biz qısa müddətdə öz iş yerlərimizə, normal həyat tərzimizə qayıdaq və birlikdə ölkəmizin inkişafına dair işlərimizi davam etdirək.

Maliyyə 2020-04-03 21:12:00