×
A
A
A
Sazlamalar

“Azəriqaz”ın baş direktorunun iştirakı ilə onlayn “CEO Forum” təşkil edilib

 

Bakı, 3 aprel, AZƏRTAC

“Caspian European Club”un hər gün öz resurslarında və sosial şəbəkələrdə canlı yayım rejimində təşkil etdiyi “Online CEO Forum”un növbəti qonağı “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev olub.
Bu barədə AZƏRTAC-a “Caspian European Club” və “Caspian Energy” qrupunun sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
R.Əliyev hər zaman olduğu kimi, bütün dünyanın COVID-19 pandemiyası ilə mübarizə apardığı bu çətin dövrdə də biznes-hökumət dialoqunu fəal dəstəklədiyi üçün klub rəhbərliyinə təşəkkür edib. T.Əliyev də öz növbəsində “Azəriqaz” ilə “Caspian European Club” arasındakı işçi qrup çərçivəsində fəal əməkdaşlığa və bu əməkdaşlıq çərçivəsində göstərdiyi açıq şəxsi mövqeyinə görə R.Əliyevə minnətdarlığını bildirib.
“Onlayn konfransa görə minnətdarlığımı bildirirəm. İndiki karantin rejimində bu cür əlaqələrin yaradılması işgüzar mühitin davamlı olmasında mühüm rol oynayır. Hazırda koronavirusla birgə mübarizə aparılan şəraitdə “Azəriqaz” daim işləyən təşkilatlar sırasındadır. Birliyin 20 faiz işçisi əməkhaqları saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilib. Çalışırıq ki, az işçi ilə çox iş görək. İnsanlar çölə çıxmamağa çağırılır. Biz isə iş başında olmalıyıq ki, onlar evlərində rahat otursunlar. Bir sözlə, kommunal məsələlər vaxtında həllini tapsın”, - deyə R.Əliyev qeyd edib.
“Online CEO Forum” “Caspian European Club” tərəfindən beynəlxalq biznes-netvorkinq üçün yaradılmış yeni formatdır. Bu tədbir çərçivəsində dövlət və özəl şirkətlərin top-menecerləri qısa təqdimat keçirir və öz fəaliyyətləri barədə məlumat verir, həmçinin COVID-19 pandemiyasının hökm sürdüyü bir vaxtda qarşılaşdıqları problemləri bölüşürlər.
Sıralarında 50 ölkədən 5 mindən çox şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda yaradılıb. Klubun mənzil-qərargahı Bakıda yerləşir. “Caspian European Club”un, həmçinin Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ, Almaniya, Polşa, Latviya və Çexiyada səlahiyyətli nümayəndələri var.

İqtisadiyyat 2020-04-03 20:27:00