×
A
A
A
Sazlamalar

Azərbaycanlıların soyqırımının ildönümü ilə əlaqədar Bolqarıstanda xeyriyyə aksiyası keçirilib

Sofiya, 3 aprel, AZƏRTAC
Tarixboyu təcavüzkarlıq, etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirən erməni millətçilərinin xalqımıza qarşı törətdikləri qətliamlar arasında 31 mart soyqırımı xüsusi yer tutur. Bu baxımdan, 1918-ci ilin soyqırımı zamanı qətlə yetirilənlərin xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə bu ölkədə xeyriyyə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, kampaniya çərçivəsində səfirlik tərəfindən paytaxt Sofiyada yerləşən Bolqarıstanın Ehtiyatda olan Zabit və Çavuşlar İttifaqı və Ruen şəhərinin bələdiyyəsinə koronavirus infeksiyasından qorunmaq üçün tələb olunan qoruyucu ləvazimatlar (maskalar, əlcəklər, vitamin C, spirt, antiseptik vasitələr və s.) göndərilib. Səfirlik hazırda dünyada, o cümlədən Bolqarıstanda yeni növ koronavirus (COVID-19) pandemiyasının yayılması ilə bağlı vəziyyəti nəzərə alaraq, aksiyanı pandemiyanın qarşısının alınması üçün bu ölkədə həyata keçirilən tədbirlərə dəstək çərçivəsində təşkil edib.
Həmçinin səfirlik tərəfindən həm Ehtiyatda olan Zabit və Çavuşlar İttifaqı, həm də Ruen şəhər bələdiyyəsinə müraciətlər ünvanlanaraq, Azərbaycan tarixinin qanlı yaddaşına həkk olunmuş 31 mart - Azərbaycanlıların Soyqırımı Günü barədə məlumat verilib. Bildirilib ki, 1918-ci il martın 30-da Bakıdakı erməni kilsəsinin yanında toplaşan daşnak dəstəsinin azərbaycanlılara ilk atəşi açması və hücum etməsi ilə başlayan qanlı hadisələr nəticəsində erməni vandalları insanlıq əleyhinə cinayətlər törədib. Ermənilər Azərbaycanın Bakı şəhəri ilə yanaşı, Quba, Şamaxı, Kürdəmir, Salyan və Lənkəran qəzalarında da soyqırımı aktları törədiblər. Bütövlükdə isə 1918-ci il martın 31-dən aprelin 2-dək Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda qırğınlar kütləvi xarakter alıb, erməni dəstələri 50 mindən çox dinc sakinin həyatına son qoyub. Məktublarda, həmçinin Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal edildiyi, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü, onların bütün fundamental hüquqlarının kütləvi şəkildə və kobudcasına pozulduğu bildirilib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya

31 mart 2020-04-03 17:00:00