×
A
A
A
Sazlamalar

Yaponiya hökuməti koronavirusdan əziyyət çəkən ailələrə 300 min yen yardım edəcək

Tokio, 3 aprel, AZƏRTAC

Yaponiyanın Baş Nazir Şinzo Abe koronavirusa görə gəlirləri azalmış ailə təsərrüfatlarına maliyyə yardımı göstərilməsi planını həyata keçirmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 3-də hakim Liberal Demokratik Partiyanın (LDP) siyasi şurasının rəhbəri Fumio Kişida məlumat verib.
Bildirilir ki, yeni tədbirlər çərçivəsində ehtiyacı olan hər bir ailə təsərrüfatına 300 min yen (təqribən 2800 dollar) yardım göstərilməsi nəzərdə tutulur. Həmin yardımın aşağı gəlir səviyyəli və koronavirusa görə aylıq gəlirləri kəskin azalan ailələrə ödənilməsi planlaşdırılır. Hələlik bu yardımın veriləcəyi ailə təsərrüfatları barədə məlumat verilmir.
Bildirilir ki, Yaponiya üzrə 58 milyon ailədən təqribən 10 milyonu bu maliyyə proqramında iştirak etmək imkanı qazanacaq. Həmin vəsaitin cari maliyyə ili üçün qəbul ediləcək əlavə büdcə hesabına ödənilməsi nəzərdə tutulur. Əlavə olaraq bildirilir ki, hökumət əlavə büdcəni mayın əvvəllərində, qızıl həftə ərəfəsində təsdiq etmək niyyətindədir.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2020-04-03 15:29:00