×
A
A
A
Sazlamalar

ISESCO "Distant mədəniyyət" çərçivəsində 9 ən kreativ tələbə üçün mükafatlar təsis edib

Qahirə, 3 aprel, AZƏRTAC
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) həyata keçirdiyi "Rəqəmsal ev" proqramı üzrə həyata keçirilən "Distant mədəniyyət" treninq kursları təşəbbüsü çərçivəsində 9 ən kreativ tələbə üçün mükafatlar təsis edib.
AZƏRTAC xəbər verir ki, təşkilatın bu təşəbbüsündən əsas məqsəd dünyada tüğyan edən koronavirus pandemiyası şəraitində təhsilin və mədəniyyət tədbirlərinin davamlı olmasını təmin etməkdir. Daha yaradıcı və artistik istedadı olan tələbələr kursların sonunda pul mükafatı alacaqlar.
Qeyd olunub ki, distant treninqlər və mədəni irsin öyrənilməsi onlayn rejimində həyata keçiriləcək. Bu məqsədlə ISESCO İslam dünyasının maddi və qeyri-maddi mədəni irsinə dair videomateriallar hazırlayır və onlar aprelin 15-dən başlayaraq təşkilatın rəsmi saytında yerləşdiriləcək. Bu materiallarda mədəni irs siyahısına daxil edilmiş abidələr, onların və muzeylərin idarəçiliyi və fəlakətlərə qarşı mühafizəsi, İslam Dünyası Mədəni İrsi və Dünya Mədəni İrsi siyahılarının təqdimatı əks olunacaq. Bundan başqa, tələbələr üçün musiqi, təsviri incəsənət və qısa hekayə müsabiqələri də təşkil olunacaq.
Müsabiqənin qaliblərinə 6 mindən 2 min dolaradək mükafatlar veriləcək. ISESCO bütün üzv ölkələrin gənclərini təşəbbüsə qoşulmağa çağırıb.

Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Mədəniyyət 2020-04-03 15:11:00