×
A
A
A
Sazlamalar

“Xüsusi karantin rejiminin tətbiqi zamanı icazələrin alınması və monitorinqi sistemi”ndən istifadə qaydaları açıqlanıb

Bakı, 3 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi Daxili İşlər Nazirliyi ilə birgə “Xüsusi karantin rejiminin tətbiqi zamanı icazələrin alınması və monitorinqi sistemi”ni ərsəyə gətirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov məlumat verib.
Onun sözlərinə görə, əməkdaşlar üçün icazənin alınmasına görə dövlət və özəl təşkilatlar tərəfindən sistem üzərindən müraciət göndərilməlidir: “Bunun üçün ilk növbədə, dövlət və özəl təşkilatlarının möhür səlahiyyətli şəxsi “ASAN Login” vasitəsilə icaze.e-gov.az portalına daxil olmalıdır. Sistemə giriş “ASAN Login”də mövcud olan “ASAN İmza” və “Elektron İmza” vasitəsilə mümkündür. Sistem açıldıqdan sonra sol tərəfdə yerləşən menyuda “İcazələr” düyməsi sıxılır və açılan pəncərədə “Yeni” düyməsinə klik edilir. Açılan birinci xanaya icazə veriləcək məsul şəxsin FİN-i daxil edilir və axtar düyməsi sıxılır, şəxsin fərdi məlumatları avtomatik olaraq müvafiq xanalarda əks olunur. Bundan sonra digər xanalar, həmçinin “Nəqliyyat vasitəsi barədə məlumatlar” və “İcazə barədə məlumatlar” müvafiq olaraq daxil edilərək “Yadda saxla” düyməsi sıxılır. Forma tam doldurulduqdan və məlumatlar yenidən yoxlanıldıqdan sonra “Təsdiqlə” düyməsi sıxılır. “Təsdiqlə” düyməsi sıxıldıqdan sonra məlumatlar avtomatik olaraq Daxili İşlər Nazirliyinə göndərilir və həmin müraciət üzərində dəyişikliklər etmək mümkün olmur. “Təsdiqlə” düyməsi sıxılmayıbsa “İcazələr” bölməsində əks olunan həmin icazə məlumatları “Redaktə” və “Sil” düymələrinin köməkliyi ilə müvafiq olaraq dəyişdirilə və ya sistemdən silinə bilər. Müraciətlər tamamlandıqdan sonra əsas səhifədə icazə verilmiş əməkdaş və nəqliyyat vasitələrinin sayı əks olunur. “İcazələr” bölməsində sətirlər üzrə əks olunan icazələrin üzərinə klik etməklə onların mövcud statusu barədə məlumat əldə etmək olar. Bundan əlavə möhür səlahiyyətli şəxs sol tərəfdən yerləşən “Səlahiyyətlərin verilməsi” düyməsini klik etməklə açılan pəncərədə “Əlavə et” düyməsini sıxaraq sistemdən istifadə üçün digər şəxsə səlahiyyət verə bilər. Bunun üçün səlahiyyət vermək istənilən şəxsin FİN və şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini daxil edərək “Yadda saxla” düyməsini sıxmaq kifayətdir.
İcazə sistemindən istifadə qaydaları ilə bağlı yaranan suallarla əlaqədar “ASAN xidmət”in 9108 “Çağrı” Mərkəzinə müraciət oluna bilər”.

Sosial 2020-04-03 13:07:00