×
A
A
A
Sazlamalar

Yazıçı-filosof Firuz Mustafa: Evdən çıxmaq üçün əsaslı səbəb yoxdur

Bakı, 3 aprel, AZƏRTAC

Karantin rejimində çalışmaq mənim həyat və məişət şəraitimdə demək olar ki, heç bir əsaslı dəyişiklik yaratmayıb. Belə ki, əvvəllər günün ikinci yarısında şəhərə çıxar, ya kitabxanaya gedər, ya da şəhərin münasib yerlərindən birində dostlarla görüşüb söhbət edərdim. “Evdə qal” kampaniyasına qoşulandan yalnız bu cür görüşlərdən imtina etmişəm. Yaradıcılıq və mütaliə məsələləri isə əvvəlki qaydada davam edir.
Bu sözlər dünyanı dolaşan koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar “Evdə qal” kampaniyasına qoşulan yazıçı-filosof, Əməkdar İncəsənət xadimi Firuz Mustafaya məxsusdur. O, AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Karantin rejimi hər şeydən təcrid olunaraq məhsuldar işləmək üçün əlverişli şərait yaradıb. Bu yaxınlarda bir pyesimi yazıb başa çatdırmışam. 1920-1922-ci illərdə Azərbaycan Demokratik Respublikasının qurucularından biri olan Məmmədəmin Rəsulzadənin həyatı, onun Moskvada sovet rəhbərləri, xüsusilə Stalin və Nərimanovla görüşünün geniş yer aldığı “Tarixin kölgəsi” əsərini dünyanın ən uzun pyeslərindən biri hesab etmək olar. Bu tarixi-siyasi əsərin janrı dram-xronikadır, həcmi isə 500 səhifədən artıqdır. Pyesin elektron variantı hazırdır.
Bu son günlərdə daha bir yeni pyes və yeni roman üzərində işləyirəm. İlkin variantını yazdığım pyesdə Ənvər Paşa və onun Mərkəzi Asiyada apardığı mübarizə, habelə həyatının son günləri əks olunur. Bununla bərabər Sovet rejiminin çöküşündən bəhs edən yarımçıq bir romanım var və onun üzərində də işləyirəm. Lakin yaradıcılıq işləri bununla bitmir. Hələ gəncliyimdən dilçiliklə əlaqədar bəzi məsələlər məni çox maraqlandırır. Bununla bağlı vaxtilə “Yüz türk etnosu” adlı kitabım da çap olunub. Həmin silsilədən türk və rus dilində olan eyni köklü sözləri araşdırır və həmin sözlərdən ibarət lüğət tərtib edirəm. Bütün bunlarla yanaşı bir sıra fəlsəfi məqalələr üzərində də çalışıram”.
Yazıçı müntəzəm mütaliə etməkdən də zövq aldığını bildirib: “Təsadüfə baxın ki, məlum hadisə ilə əlaqədar evdə olduğum bu son günlərdə əslən Bakıdan olan görkəmli dramaturq Leonid Zorinin pyeslərini oxuyurdum. Bildiyiniz kimi, onun “Varşava melodiyası” pyesi bütün dünyada məşhurdur. Həm bizim həmyerlimiz Zorin, həm də xalqımıza dərin hörməti olan digər bir yazıçı, “Azadlıq” kino”epopeyasının müəlliflərindən biri, “Sahil”, “Qaynar qar”, “Sakitlik” romanının müəllifi Yuri Bondarev ötən həftə dünyalarını dəyişdilər. Onlar bir əsrə yaxın uzun ömür yaşadılar. Mən onlarla bağlı kiçik vida qeydləri yazmağı özümə daxili borc bildim”.
Firuz Mustafa bu günlərdə demək olar ki, evdən çıxmadığını bildirir: “Evdən çıxmaq üçün elə bir əsas yoxdur. İndi az qala hər həyətdə ərzaq və gündəlik tələbat malları mağazası var. Bəzən ən zəruri məsələlər üçün bir neçə dəqiqəliyə çıxmaq lazım gəlir, onda da karantin qaydalarına uyğun hərəkət edib tez evə qayıdıram. Belə hesab edirəm ki, ortaya çıxa biləcək digər problemlərin həllində dövlətimiz öz vətəndaşlarına lazımi köməyini əsirgəməyəcək. Nəvələrimlə tez-tez videogörüntü vasitəsilə danışır, əlaqə saxlayırıq. Onlardan biri - 10 yaşlı nəvəm Aydan Məmmədzadə məktəblidir, gündəlik olaraq əldə etdiyi biliklər, öyrəndikləri barədə telefonda məlumat verir. Ötən il o, paytaxt məktəbliləri arasında riyaziyyat üzrə birinci yerə çıxıb, eyni vaxtda bir neçə dil öyrənir”.
Yazıçı-dramaturq evdə günlərinin kifayət qədər qaynar keçdiyini deyir: “Bu qədər oxumalı kitab, jurnal, qəzet, baxılmalı film, araşdırılmalı məlumat, telefon, internet olan yerdə darıxmaq heç yada da düşmür. Mənə elə gəlir ki, indiki dövr adətən vaxt qıtlığından şikayətlənən yaradıcı adamlar üçün əlverişli bir fürsətdir. Evdə qalmaqla həm özünü xəstəlikdən kənar saxlayır, həm də iş-güc, həyat, məişət qayğılarından imkan tapıb görə bilmədiyin yarımçıq işləri başa çatdırırsan”.
Firuz Mustafa karantin günlərini necə keçirdiyi barədə məlumat verməklə yanaşı, bir sıra tövsiyələr də verdi: “Bu, bəlkə də bəşəriyyətin öz tarixi boyu üzləşdiyi ən ağır bəlalardan biridir. İnsan nəsli bir bioloji varlıq kimi ağır sınaq qarşısındadır. Düşünürəm ki, dünyaya meydan oxuyan bu qorxunc kabus insanların yox, təbiətin öz qorxulu “kəşfidir”. Ən vəhşi heyvanların, dağıdıcı zəlzələ və vəlvələlərin öhdəsindən gələn insan, indi az qala bu qorxunc “gözəgörünməzlərin” qarşısında mat qalıb. Bu, sanki insanla antiinsanın savaşıdır. Mövcud təlimata uyğun hərəkət etmək lazımdır. Bir halda ki, evdə oturmaq, sosial izolyasiya ilə bu gözəgörünməz bəladan qorunmaq mümkündür, onda gəlin evdə oturaq. Evdə qalaq, zərurət olmadıqda bayıra çıxmayaq, bir müddət ən yaxın və doğma adamlarla belə, vizual təmasdan uzaq olaq. İndi virtual əlaqə formaları kifayət qədər çoxdur. Hesab edirəm ki, gigiyenik qaydaları gözləməklə, immuniteti möhkəmlətməklə, habelə həkimlərin məsləhətlərinə əməl etməklə özümüzü, ətrafımızı, doğmalarımızı və cəmiyyətimizi hər cür təhlükədən qorumalıyıq”.

Sosial 2020-04-03 13:08:00