×
A
A
A
Sazlamalar

Aynurə Osmanova: Teledərslərin və onlayn dərslərin keçirilməsi təşəbbüsü təqdirəlayiq addımdır

Bakı, 3 aprel, AZƏRTAC

Mövcud şəraitlə əlaqədar olaraq əhalinin həyat və sağlamlığının qorunması istiqamətdə dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərə hamı kimi biz müəllimlər də məsuliyyətlə yanaşmalıyıq. Vətəndaşların sağlamlığını hər şeydən üstün tutan dövlətimiz tərəfindən koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həqiqətən də vacib və təxirəsalınmaz tədbirlər həyata keçirilir. Biz də bu işdə məsuliyyətli vətəndaş mövqeyi nümayiş etdirməli, qoyulan bütün tələb və qadağalara ciddi əməl etməliyik. Şagirdlərin təhsildən geri qalmaması, onların gündəlik dərs proqramına yiyələnməsi istiqamətində də müxtəlif tədbirlər görülür, dərslər onlayn, distant formada keçirilir.
Bunu AZƏRTAC-a müsahibəsində Binəqədi rayonu 205 nömrəli orta məktəbin tarix müəllimi Aynurə Osmanova söyləyib. O bildirib ki, Təhsil Nazirliyi tərəfindən “Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişi, həmçinin aprelin 2-dən start verilən “Virtual məktəb” layihəsi müəllimlər tərəfindən onlayn dərslərin keçirilməsi üçün böyük imkanlar yaradır. Məktəblilərin evdə qaldıqları müddətdə vaxtlarını səmərəli keçirməsi üçün müxtəlif vasitələrdən, İKT-nin geniş imkanlarından istifadə edirik. “Zoom” proqramı ilə onlayn formada keçirilən dərslərimizin maraqlı alınması üçün şagirdlərimizlə birgə fikir mübadiləsi aparır, onların tapşırıq və testlərini yoxlayır, növbəti günün dərs proqramı barədə məlumat verir və suallarını cavablandırıram. Teledərslərin və onlayn dərslərin keçirilməsi təşəbbüsü bu cür çətin vəziyyətdə vaxtında atılmış təqdirəlayiq addımdır.
Hamımız “Evdə qal, dərsdən qalma!” prinsipi ilə işimizi davam etdirməli, birgə çalışmalıyıq.

Elm və təhsil 2020-04-03 13:27:00