×
A
A
A
Sazlamalar

Yaponiya ölkəyə girişlə bağlı qadağaları sərtləşdirir

Tokio, 3 aprel, AZƏRTAC

 Aprelin 3-dən başlayaraq Yaponiya yeni koronavirusun yayılmasının qarşısını almaq məqsədilə ölkəyə girişlə bağlı qadağaları daha da sərtləşdirib.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bu gündən başlayaraq hökumət dünyanın istənilən ölkəsindən gələnləri iki həftə müddətinə otellərdə və ya istənilən digər yerdə özünü təcrid etməyə çağırıb. Həmin şəxslərdən, həmçinin karantin yerinə çatmaq üçün ictimai nəqliyyatdan istifadə etməmək xahiş edilir. Bu qaydanın aprelin sonunadək tətbiq olunacağı bildirilir.
Bununla yanaşı, hökumət vətəndaşlarının Yaponiyaya gəlməsi qadağan edilən ölkələrin və ərazi vahidlərinin sayını 73-ə qaldırıb. Eyni zamanda, son iki həftə ərzində həmin ölkələrdə olan əcnəbilər də Yaponiyaya gələ bilməzlər.
Bu siyahıya son əlavə edilənlərin sırasında ABŞ, Kanada və Böyük Britaniya da var. Bundan sonra Avropanın istənilən ölkəsinin vətəndaşı müvəqqəti olaraq Yaponiyaya gələ bilməz. Siyahıya, həmçinin bütün Çin və Cənubi Koreya ərazisi də daxil edilib.
Həmin 73 ölkə və ərazi vahidindən hər hansı birindən səyahətdən qayıdan bütün yaponların simptomların mövcud olub-olmamasından asılı olmayaraq, koronavirus testindən keçiriləcəyi də bildirilir.

 

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2020-04-03 12:25:00