×
A
A
A
Sazlamalar

Körfəz ölkələrində COVID-19 virusuna yoluxanların sayı artıb

Qahirə, 3 aprel, AZƏRTAC
Körfəz ölkələrində COVID-19 virusuna yoluxanların sayı artıb.
AZƏRTAC xəbər verir ki, Səudiyyə Ərəbistanında son bir sutka ərzində yeni növ koronavirusa 378 yoluxma halı qeydə alınıb. Bu, ölkədə ən çox insanın xəstəliyə yoluxduğu gündür. Səhiyyə Nazirliyinin məlumatına görə, indiyədək koronavirusdan 21 nəfər dünyasını dəyişib.
Ötən gün Birləşmiş Ərəb Əmirliklərində koronavirusa 210 yoluxma halı qeydə alınıb və xəstələrin ümumi sayı 1024 nəfərə çatıb. Eyni zamanda, 35 xəstə tam müalicə olunub və evə buraxılıb. Sağalanların ümumi sayı 96 nəfərdir.
Bəhreyndə son günlər 241 nəfər COVID-19 virusuna yoluxub. Ölkənin Səhiyyə Nazirliyi bəyan edib ki, onların 75 nəfəri İrandan gələndir. Belə ki, Bəhreyn ötən həftə 165 vətəndaşını Tehrandan təyyarə ilə təxliyə edib.
Qətərdə ötən gün daha 144 yoluxma halı qeydə alınıb. QNA agentliyinin xəbərinə görə, koronavirus xəstələrinin ümumi sayı 949 nəfərə çatıb. Ölü sayı isə 3 nəfərdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Dünya 2020-04-03 08:35:00