×
A
A
A
Sazlamalar

Tunisdə hökumət üzvləri əməkhaqlarının yarısını koronavirusla mübarizə fonduna ianə ediblər

Qahirə, 2 aprel, AZƏRTAC
Tunis hökumətinin üzvləri aprel ayı üçün əməkhaqlarının yarısını koronavirusla mübarizə fonduna ianə ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı rəsmi TAP informasiya agentliyi ölkənin Nazirlər Kabinetinə istinadla yayıb.
Baş Nazir İlyas Fəxfaxın sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında ölkədə koronavirus pandemiyasına qarşı mübarizə sahəsində görülən tədbirlər müzakirə edilib.
Qeyd olunub ki, ilk növbədə, bu təhlükəli virusun yayılmasının qarşısı alınmalı, həmçinin onun ölkədəki sosial-iqtisadi vəziyyətə mənfi təsiri minimuma endirilməlidir. Bu məqsədlə fəaliyyət planı hazırlanıb, həmçinin dövlətin ayırdığı vəsaitlə yanaşı, COVID-19 virusu ilə mübarizə fondu yaradılıb. Tunis hökuməti ölkədə aztəminatlı ailələrə və kimsəsizlərə yardım etmək məqsədilə könüllülərin xidmətindən də istifadə edəcək.
Rəsmi məlumata görə, Tunisdə yeni növ koronavirusa yoluxanların sayı 423 nəfərdir. Onlardan 5 nəfəri xəstəlikdən dünyasını dəyişib.

 

Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Dünya 2020-04-02 16:01:00