×
A
A
A
Sazlamalar

ABŞ Rusiyadan tibbi təyinatlı materiallar alıb

Vaşinqton, 2 aprel, AZƏRTAC
Amerika Birləşmiş Ştatlarında COVID-19 koronavirusuna qarşı mübarizə üzrə qlobal tədbirlər görülür. "Ötən həftə "Böyük iyirmiliyə" üzv ölkələr koronavirus üzərində qələbə qazanmaqdan ötrü birgə çalışmağa razılaşıblar. Biz ehtiyacı olanları zəruri ləvazimatlarla təchiz etmək üçün həmin ölkələrlə sıx əməkdaşlıq edirik".
AZƏRTAC xəbər verir ki, bu məlumat ABŞ Dövlət Departamentinin Rusiyadan tibbi təyinatlı materialların alınması barədə bəyanatında bildirilir.
Qeyd olunur ki, martın 30-da Prezident Donald Trampla Prezident Vladimir Putin arasında telefon danışığı zamanı Birləşmiş Ştatların Rusiyadan zəruri tibbi təyinatlı materialları, o cümlədən tibbi ventilyator və fərdi qorunma vasitələrini alması barədə razılığa gəlinib. Alınan materiallar ABŞ-ın böhranlı vəziyyətdə ölkənin idarəolunması üzrə Federal Agentliyinin Nyu-Yorkdakı yerli bölməsinə çatdırılıb.
Bəyanatda, həmçinin deyilir ki, hər iki ölkə əvvəllər də böhranlı dövrlərdə bir-birinə humanitar yardım göstəriblər və şübhəsiz, bu, gələcəkdə də davam edəcək.
AZƏRTAC-ın Vaşinqton bürosu

Dünya 2020-04-02 14:21:00