×
A
A
A
Sazlamalar

Memarlıq və İnşaat Universitetində bütün dərslər distant tədris olunur

Bakı, 2 aprel, AZƏRTAC

Koronavirus epidemiyasının yayılmasının qarşısının alınması üçün orta və ali məktəblərdə tədris prosesinin aprelin 20-dək dayandırıldığı nəzərə alınaraq Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) təhsilin davamlılığını təmin etmək məqsədilə bütün dərslər distant tədris olunur. Martın 16-dan etibarən AzMİU tələbələri onlayn dərslərə başlayıb.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, “Zoom call” proqramı ilə tədris olunan distant dərslərə bütün fakültə və ixtisaslar üzrə əyani təhsil alan bakalavrlar cəlb olunur. Dərslər Azərbaycan, rus və ingilis dillərində aparılır. Bu günə qədər distant dərslərdə 5000 tələbə iştirak edib. Ümumilikdə isə bütün bakalavr tələbələrin distant təhsilə cəlb olunması nəzərdə tutulur. Dərslər növbəli şəkildə saat 08:00-dan 20:20-dək tədris olunur.
Yaxın günlərdə universitetin magistratura pilləsində təhsil alan tələbələr üçün də onlayn dərslərə başlanılacaq.

Elm və təhsil 2020-04-02 13:22:00