×
A
A
A
Sazlamalar

Olimpiya məşəli Fukuşimadakı “J-Village” futbol üzrə təlim-məşq bazasında nümayiş etdirilir

Tokio, 2 aprel, AZƏRTAC

Koronavirus pandemiyasına görə vaxtı gələn ilə dəyişdirilmiş Tokio Olimpiya Oyunlarının məşəli aprelin 2-də Fukuşimadakı “J-Village” futbol üzrə təlim-məşq bazasında ictimaiyyətə təqdim edilib.
AZƏRTAC xəbər verir ki, Olimpiya Oyunlarının və məşəl estafetinin vaxtı təşkilatçılar tərəfindən gələn ilə dəyişdirilməzdən əvvəl Olimpiya məşəli estafetinin martın 26-da bu mərkəzdən başlaması planlaşdırılırdı. Təşkilat komitəsinin qərarına əsasən, bir müddət Fukuşimada nümayiş etdiriləcək məşəl Oyunlar başlayanadək Yaponiyada saxlanacaq.
Həmin gün prefekturanın sakinləri, əsasən də uşaqlar məşələ baxmaq və onunla şəkil çəkdirmək üçün bazada toplaşıblar.
Yerli hakimiyyət orqanlarının tələbinə görə, məşəli görmək istəyənlər tibbi maska taxmalı və əllərini təmizləmək üçün spirt mənşəli dezinfeksiyaedici məhluldan istifadə etməlidirlər.
Hər bir ziyarətçiyə məşələ yalnız 30 saniyə ərzində baxmaq icazəsi verilir. Tamaşaçılar çox olacağı təqdirdə onlardan növbəyə dayanmaq və bu zaman müəyyən edilmiş məsafəni saxlamaq tələb olunur.
Məşəlin Fukuşimada aprelin 30-dək hər gün səhər saat 9-dan axşam saat 4-dək nümayiş etdiriləcəyi bildirilir.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2020-04-02 12:27:00