×
A
A
A
Sazlamalar

İrandan Türkiyəyə təbii qaz nəqli yaxın müddətdə bərpa edilə bilər

Tehran, 1 aprel, AZƏRTAC

İrandan Türkiyəyə təbii qaz nəqli yaxın müddətdə bərpa edilə bilər.
AZƏRTAC xəbər verir ki, İranın Milli Qaz Şirkətinin dispetçer şöbəsinin müdiri Mehdi Cəmşidi dünən səhər saatlarında İran ilə Türkiyə arasındakı qaz kəmərində partlayış baş verdiyini və dərhal Türkiyə tərəfinin məlumatlandırıldığını deyib. Onun sözlərinə görə, partlayış səbəbindən Türkiyəyə qaz ixracı müvəqqəti dayandırılıb.
M.Cəmşidi bildirib ki, əvvəllər də İran ilə Türkiyə arasındakı qaz kəmərinin bu hissəsində terror aksiyaları törədilib. Kəmər 3-4 gün ərzində bərpa edilərək istifadəyə verilir.
O bir mütəxəssis kimi qeyd edib ki, kəmərin keçdiyi ərazi seysmik baxımdan sabitdir, ona görə də kəmərin təbii proseslər nəticəsində partlaması istisna edilir. Buna görə də terror aktı istisna deyil.
Qeyd edək ki, PKK terror təşkilatı İrandan Türkiyəyə gedən neft və qaz kəmərlərini dəfələrlə partladıb.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Dünya 2020-04-01 16:19:00