×
A
A
A
Sazlamalar

Tahir Mirkişili: Azərbaycan dövlətinin dəstək proqramları kifayət qədər düşünülmüş proqramlardır

Bakı, 1 aprel, AZƏRTAC
Azərbaycan dövlətinin dəstək proqramları kifayət qədər düşünülmüşdür, orta və uzun müddətə əsaslanıb. Artıq İqtisadiyyat Nazirliyi tərəfindən dəstək proqramının istiqaməti və əhatəsi ilə bağlı təkliflər hazırlanıb. Bu proqram təxminən 600 minə yaxın insanı əhatə edəcək.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib. Komitə sədri qeyd edib ki, dünyada koronavirus pandemiyasının yayılması, neftin qiymətinin düşməsi, eyni zamanda, Azərbaycan dövlətinin vətəndaşının sağlamlığını əsas tutaraq ölkədə məhdudlaşdırıcı tədbirlər həyata keçirməsi təbii ki, sahibkarlıq subyektlərinə və iqtisadiyyata təsirsiz ötüşə bilməz. Ölkəmizdə dörd işçi qrupun yaradılması, sahibkarların bu problemdən minimum zərərlə çıxması, həmçinin vətəndaşlar üçün bu proseslərin mənfi təsirinin minimuma endirilməsi ilə bağlı dövlət dəstəyi proqramının hazırlanması kimi qabaqlayıcı tədbirlər görülür. Proqram bir neçə istiqamətdən ibarətdir. Əsasən 304 minə yaxın muzdlu işçiyə birbaşa yardımın göstərilməsi nəzərdə tutulur. Çünki məhz məhdudlaşma tədbirləri çərçivəsində bu qədər insanın əməkhaqqı almasında və sahibkarlar tərəfindən əməkhaqqının ödənilməsində müəyyən çətinliklər var. 304 minə yaxın muzdlu işçi qeyri-neft sektorunda çalışanların təxminən 45 faizindən bir az artıqdır. Eyni zamanda, 292 minə yaxın fərdi sahibkara dövlət dəstəyi ilə bağlı proqramlar hazırlanır. Çünki xüsusi karantin rejimi həm də fərdi sahibkarların, xüsusən də xidmət sahəsindəki sahibkarların işinin məhdudlaşdırılmasına gətirib çıxarıb. Vergi güzəştləri ilə bağlı müəyyən imtiyazların verilməsi, sahibkarların banklardan götürdükləri kreditlərə dövlət dəstəyi mexanizminin hazırlanması kimi istiqamətlər mövcuddur.
Deputat bildirib ki, tələbələrin təhsil haqqının ödənilməsi və ipoteka ilə bağlı dövlət dəstəyi proqramında xüsusi müddəalar nəzərdə tutulur. Bundan başqa, kommunal ödənişlərdə insanlara ediləcək güzəştlərlə bağlı da dəstək proqramında müddəalar öz əksini tapıb. Dövlət başçısının tapşırığı, ilk növbədə, vətəndaşların sağlamlığını qorumaq, sonra isə sahibkarlara kömək və sonrakı dövrlərdə Azərbaycanda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün qısa, orta və uzunmüddətli proqramların hazırlanmasıdır. Bununla Azərbaycan sahibkarları dövlət başçısının dəstəyini hiss edəcəklər.

İqtisadiyyat 2020-04-01 14:46:00