×
A
A
A
Sazlamalar

İranın elmi ictimaiyyəti professor Sirus Əsgərinin ABŞ-da həbs olunmasından narahatdır

Tehran, 1 aprel, AZƏRTAC

Professor Sirus Əsgərinin ABŞ-da həbs olunması və onun saxlanma şəraiti İranın elmi ictimaiyyətini narahat edir.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın Şərif Universitetinin açıqlamasında bildirilir. Qeyd olunur ki, Amerikada elmi ezamiyyətdə olan professor S.Əsgəri hüquq-mühafizə orqanları tərəfindən sanksiyaları pozmaqda ittiham edilərək həbs olunub. Lakin Oqayo ştatının məhkəməsi ittihamları əsasız hesab edərək professoru azad edib. Buna baxmayaraq S.Əsgəri təkrarən viza rejimini pozmaqda ittiham edilərək ABŞ-ın Miqrasiya Xidməti tərəfindən həbs edilib.
Açıqlamada bildirilib ki, 59 yaşlı professor metallurgiya sahəsində fundamental elmi tədqiqatların və əsərlərin müəllifidir. İranın elmi ictimaiyyəti siyasət ilə heç bir əlaqəsi olmayan elm adamının azadlığa buraxılmasını tələb edir.
Qeyd edək ki, ABŞ-ın Dövlət katibi Maykl Pompeo İrana qarşı tətbiq edilən iqtisadi sanksiyaların yumşaldılması ehtimalının olduğunu bildirib. O, Vaşinqtonda keçirdiyi brifinqdə bəyan edib ki, ABŞ koronavirusun yayılması ilə əlaqədar olaraq sanksiyalar siyasətini yenidən nəzərdən keçirərək qərar verəcək.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Dünya 2020-04-01 13:36:00