×
A
A
A
Sazlamalar

Səudiyyə Ərəbistanı dindarları Həcc və Ümrə ziyarətləri ilə bağlı planlarını təxirə salmağa çağırıb

Qahirə, 1 aprel, AZƏRTAC

Səudiyyə Ərəbistanının Həcc və Ümrə naziri Məhəmməd Saleh bin Tahir Benten jurnalistlərə müsahibəsində bütün dünyadan olan müsəlmanları koronavirus pandemiyası ilə əlaqədar səbirli olmağa, Həcc və Ümrə ziyarətləri ilə bağlı planlarını təxirə salmağa çağırıb.
AZƏRTAC xəbər verir ki, səudiyyəli nazir ölkəsinin zəvvarları həmişə qonaqpərvərliklə qarşılamağa hazır olduğunu qeyd edərək, eyni zamanda, Həcc ziyarətinə gələn hər kəsin sağlamlığına cavabdeh olduqlarını əlavə edib.
“Səudiyyə Ərəbistanı hazırda ölkədə olan 1200 zəvvara qayğı göstərir. Bununla yanaşı, koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Məkkə və Mədinədə olan iki müqəddəs məscidə ziyarəti qadağan edib. Hazırda həmin məscidlərin ətrafında təhlükəsizlik və dezinfeksiya tədbirləri görür. Həmçinin Məkkədə Ümrə ziyarətinə və Mədinədə Peyğəmbər məscidinə getmək qadağan olunub. Biz Məkkəyə gələn, lakin Ümrə ziyarətini yerinə yetirə bilməyən müsəlmanların pullarını qaytarmışıq”, - deyə Benten “Əl-Əxbariyyah” telekanalına müsahibəsində vurğulayıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Dünya 2020-04-01 13:07:00