×
A
A
A
Sazlamalar

“AmCham” koronavirusla mübarizəyə dəstək verir

Bakı, 1 aprel, AZƏRTAC

Ölkə əhalisinin sağlamlığının qorunması və koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizənin gücləndirilməsi məqsədilə tədbirlərin tərkib hissəsi kimi Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsaitlərin köçürülməsinə Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham”) da qoşulub. Belə ki, “AmCham” Direktorlar Şurasının bu məqsədlə qəbul etdiyi 2020-ci il 25 mart tarixli qərarına əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 min manat ianə edilib.
Palatadan AZƏRTAC-a bildirilib ki, “AmCham” COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycan hökuməti tərəfindən həyata keçirilən bütün tədbirləri dəstəkləyir. Əlavə olaraq, COVID-19 pandemiyasının, eləcə də qlobal enerji və səhm bazarlarında baş verən böhranın Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyinə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı “AmCham”ın tərkibində fəaliyyət göstərən sahəvi komitələr tərəfindən təkliflər hazırlanaraq müvafiq dövlət orqanlarına təqdim olunub.
Qeyd edək ki, “AmCham” xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış “AmCham” iqtisadiyyatın hər sektorunda fəaliyyət göstərən 280-dən çox üzv şirkəti özündə birləşdirir. Palata ölkədə bütün xarici investisiyaların təxminən 80 faizini, eləcə də yerli investisiyaların mühüm hissəsini təmsil edir.

İqtisadiyyat 2020-04-01 11:40:00