×
A
A
A
Sazlamalar

Xaricdə çıxış edən Azərbaycan voleybolçuları özlərini yaxşı hiss edirlər

Bakı, 1 aprel, AZƏRTAC

Ölkə xaricində çıxış edən və koronavirus pandemiyası səbəbindən Azərbaycana qayıdarkən karantinə alınan milli komandanın voleybolçuları - Yuliya Kərimova və Marqarita Əzizova özlərini yaxşı hiss edirlər.
AZƏRTAC Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, İsrailin “Makkabi” (Hayfa) klubunda mübarizə aparan Y.Kərimova evə göndərilməsini ikinci analizinin nəticəsinə əsasən bilinəcəyini deyib. O bildirib: “Bakıya gələrkən heç bir çətinlik yaşamadım. Paytaxta çatan kimi bizdən analiz götürdülər və hazırkı duruma uyğun olaraq karantinə alınacağımızı dedilər. Artıq neçə gündür ki, buradayam. Nəzarətə götürülənlər üçün çox gözəl şərait yaradılıb. Hər şey yaxşıdır. Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi hələ İsraildə olarkən səhhətimlə maraqlandı və qayıtmağım üçün lazımi kömək göstərildi. Burada olduğum günlərdə isə millinin həkimi və meneceri ilə hər gün danışıram. İkinci dəfə test vermişəm. Analizin cavablarını gözləyirəm, hər şey qaydasında olarsa, bir neçə gündən sonra evə buraxılacağam”.
Millinin karantinə alınan digər üzvü Marqarita Əzizova da özünü yaxşı hiss edir. “Radomka”nın (Polşa) formasını geyinən 27 yaşlı hücumçunun sözlərinə görə, səhhətində hansısa problem yoxdur. “Varşavadan Bakıya çarter reysi ilə gəldim. Ölkəyə qayıtmağımda Azərbaycanın Polşadakı səfirliyi, eləcə də federasiyanın böyük köməyi oldu. Hazırda Azərbaycanda olduğum üçün onlara təşəkkür edirəm. Buraya gəldikdən sonra bütün sərnişinlər kimi, məni də karantinə aldılar. Təbii ki, müəyyən edilmiş karantin müddətini keçdikdən sonra evə yollanacağam”.

 

İdman 2020-04-01 03:22:00