×
A
A
A
Sazlamalar

Avstriya mətbuatında Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş məqalə yayılıb

Vyana, 1 aprel, AZƏRTAC

Avstriya Mətbuat Agentliyinin (APA) saytında Azərbaycan xalqının qan yaddaşında silinməz iz buraxan 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş məqalə yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Birinci Dünya müharibəsinin sonlarında Cənubi Qafqazdakı vəziyyət barədə ətraflı məlumat yer alıb.
Qeyd edilir ki, ermənilər dünya müharibəsi, eləcə də 1917-ci ilin fevral və oktyabr inqilabları səbəbindən yaranmış vəziyyətdən istifadə edərək “Böyük Ermənistan” ideyalarını gerçəkləşdirməyə başladılar. İnqilabi ideyalar pərdəsi altında həyata keçən bu proseslər 1918-ci ilin mart ayında Bakıda pik həddə çatdı. Bakı Soveti əksinqilabçı qüvvələrə qarşı mübarizə bəhanəsi ilə quberniyada azərbaycanlıların məhv edilməsi planını işə saldı. Stepan Şaumyanın komandanlığı altında Bakı Sovetinin altı min əsgəri və Daşnaksütun partiyasının dörd min silahlı üzvü dinc azərbaycanlı əhaliyə qarşı qırğınlarda iştirak edirdilər.
Yazıda vurğulanır ki, Bünyəmin soyadlı bir bolşevik öz xatirələrində yazır: “Yetərincə əsgər olmadığına görə daşnakların silahlı qruplarından istifadə edilirdi. Öz çirkin niyyətlərini həyata keçirən daşnaklar vətəndaş müharibəsini etnik təmizləməyə çevirdilər”.
Məqalədə 1918-ci ilin mart-aprel aylarında Azərbaycanın müxtəlif bölgələrində 50 mindən artıq azərbaycanlının qətlə yetirildiyi, yüzlərlə kəndin yerlə-yeksan edildiyi qeyd olunur. Bildirilir ki, həmin dövrdə qanlı hadisələrdən az sonra Azərbaycanın müxtəlif bölgələrində səfərdə olan Avstriya-Macarıstan imperiyasının Qafqaz üzrə diplomatik təmsilçisi Qeorq Albert Frayherr fon und tsu Frankenştayn Vyanaya, Xarici İşlər Nazirliyinə yazdığı hesabatda azərbaycanlılara qarşı törədilən qırğınlardan bəhs edib. Avstriya mətbuatında Bakıdakı qırğınlar barədə məqalələr dərc olunub.
Yeni elan edilən Azərbaycan Xalq Cümhuriyyəti mart hadisələrini diqqətdə saxlayıb, hökumət tərəfindən bu hadisələri araşdırmaq üçün xüsusi komissiya yaradılıb, 1919-1920-ci illərdə 31 mart milli matəm günü kimi qeyd edilib. Mart qırğınlarından düz 80 il sonra – 1998-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyev 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü qeyd edilməsi ilə bağlı Fərman imzalayıb.
Diqqətə çatdırılır ki, son illərdə elmi araşdırmalar və arxeoloji qazıntılar 1918-ci il mart hadisələri ilə bağlı çoxlu sayda faktlar və sənədlər ortaya çıxarıb. Azərbaycanın Quba rayonunda aşkar edilən kütləvi məzarlıq qanlı hadisələrin sübutudur. 2013-cü ildə kütləvi məzarlığın yerləşdiyi ərazidə Quba Soyqırımı Memorial Kompleksi yaradılıb.

 

Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana

31 mart 2020-04-01 01:32:00