×
A
A
A
Sazlamalar

Cəlilabad polisi rayondakı yaşlı insanlara və aztəminatlı ailələrə ərzaq paylayıb

Cəlilabad, 31 mart, Bağır Əliyev, AZƏRTAC

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları öz xidməti vəzifələrini yerinə yetirməklə yanaşı, həm də xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq çölə çıxa bilməyən, tənha yaşayan insanlara, eləcə də aztəminatlı və çoxuşaqlı ailələrə yardım aksiyası keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları rayonun müxtəlif ərazilərində bu qəbildən olan insanlara ərzaq məhsullarından ibarət bağlamalar paylayıblar.
Bu nəcib təşəbbüsü razılıq hissi ilə qarşılayan insanlar göstərilən diqqət və qayğıya görə polis əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.
Polis işçiləri, həmçinin həmin şəxslərlə bir daha maarifləndirici söhbətlər aparıb, xüsusi karantin rejiminin qaydalarına riayət etmələrinin onların özlərinin və yaxınlarının sağlamlığı üçün vacibliyini diqqətə çatdırıblar.

Regionlar 2020-03-31 21:06:00