×
A
A
A
Sazlamalar

Təhsil müəssisələrində təlim-tədris prosesinin məsafədən təşkili istiqamətində müvafiq addımlar atılır

Bakı, 31 mart, AZƏRTAC

Tədris prosesinin dayandırıldığı müddət ərzində tələbə və şagirdlərin təhsil proqramlarını mənimsəməsi imkanlarının təmin edilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən bir sıra təxirəsalınmaz tədbirlər görülüb. Belə ki, martın 11-dən başlayaraq bütün orta məktəb şagirdləri üçün ölkə üzrə bütün siniflər və əksər fənlər üzrə vahid teledərslər təşkil edilib, bir sıra orta ümumtəhsil müəssisələrində dərslərin onlayn şəkildə təşkilinə başlanılıb və hazırda bu imkanların genişləndirilməsi nəzərdə tutulur.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, eyni zamanda, nazirlik ali və orta ixtisas təhsili müəssisələrinə təlim-tədris prosesinin məsafədən təşkili istiqamətində tövsiyələrini verib və bu fəaliyyət hazırda bir sıra ali təhsil müəssisələrində müvafiq qaydada təşkil olunub. Habelə tədrisdə yaranmış fasilə zamanı təlim-tədris prosesinin məsafədən təşkil edilməsi əsasən tələbələrə tədris və metodiki dəstəyin göstərilməsi, müvafiq təhsil proqramının mənimsənilməsinə hərtərəfli şəraitin yaradılması, bu müddət ərzində onların vaxtlarının səmərəli təşkili məqsədilə həyata keçirilir. Tələbələr bu prosesə öz töhfələrini verməli və yaradılan imkandan mümkün qədər faydalanmalıdırlar. Bununla yanaşı, təlim-tədris prosesinin məsafədən təşkili istiqamətində atılan hər bir addım (onlayn mühazirə və seminarların təşkili, məlumatların tələbələrə elektron resurslar vasitəsilə ötürülməsi və s.) tələbələrin həmin prosesdə könüllü surətdə iştirakını ehtiva etməli və onların bu məqsəd üçün tələb olunan informasiya texnologiyaları vasitələrinə çıxış imkanlarının olub-olmaması (məsafədən təhsil üçün texniki alətlərin əlçatanlığı və əhatəliyi) nəzərə alınmalıdır.

Elm və təhsil 2020-03-31 11:47:00