×
A
A
A
Sazlamalar

Tailandda 27 polis işçisi COVID-19 infeksiyasına yoluxub

Pekin, 30 mart, AZƏRTAC
Tailandın paytaxtı Banqkokda 27 polis işçisi yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
AZƏRTAC Tailand KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Banqkok polis departamentinin rəisi Pakkaponq Ponqpetra açıqlama yayıb. Təkcə tibb işçilərinin deyil, polis əməkdaşlarının da pandemiya ilə mübarizənin ön cəbhəsində olduqlarını deyən polis rəisi əlavə edib ki, hazırda 326 polis işçisi karantinə cəlb olunub və onlar (COVID-19) analizlərinin nəticələrini gözləyirlər.
Bildirilib ki, Banqkok polisləri əsasən iki yolla virusa yoluxublar. Birinci qrup bu yaxınlarda İspaniyadan ezamiyyətdən qayıdanlardır. Digər qrup isə Tailandda koronavirusun ocaqlarından hesab olunan "Lumpinee" boks arenası və "Thonq Lor" əyləncə mərkəzində xidmət aparmış polislərdir. Bundan başqa, yol polisi şöbəsinin rəis müavini də virusa yoluxub. Onunla təmasda olanlar karantinə cəlb olunublar.
Qeyd edək ki, martın 30-da Tailandda COVID-19 infeksiyasına daha 136 yoluxma və 2 ölüm faktı qeydə alınıb. Bununla da ölkədə virusa yoluxanların sayı 1524 nəfərə, ölənlərin sayı isə 9-a çatıb. (COVID-19) infeksiyasına yoluxanların orta yaş həddi 40-dır. Tailand hökumətinin açıqlamasında virusa yoluxma hallarının çoxalmasının qarşısının vətəndaşların evdə qalması ilə mümkün olacağını açıqlayıb. Martın 29-da evdən çıxan vətəndaşların sayı 40 faiz azalıb. Amma xəstəliyin daha səmərəli nəzarət altına alınması üçün bu rəqəmin 90 faiz olması lazımdır.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2020-03-30 21:56:00