×
A
A
A
Sazlamalar

Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət olunur

Bakı, 30 mart, AZƏRTAC
Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmət apararaq sakinlər arasında profilaktiki tədbirlər həyata keçirir, onlara mümkün qədər evdə qalmağı, zəruri hallarda evdən çıxdıqda isə tibbi maska, əlcəkdən və dezinfeksiyaedici vasitələrdən istifadə etməyi tövsiyə edirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, küçədə yaşı 65-dən yuxarı olan vətəndaşlara virusa daha tez yoluxma risklərinin olduğu izah edilərək evlərinədək müşayiət olunurlar. Bu işdə polislərə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı yanında yaradılmış operativ qərargahın mobil qruplarının üzvləri də kömək göstərirlər.
Lakin əfsuslar olsun ki, görünən bu tədbirlərə baxmayaraq, xüsusi karantin rejiminin tələblərinə biganə yanaşan sakinlərə də rast gəlinir. Polis əməkdaşlarının apardıqları araşdırmalarla xüsusi karantin rejiminin tələblərini pozan 35 vətəndaş barədə müvafiq qanunlara uyğun tədbir görülüb. Həmin vətəndaşlardan 33 nəfəri barədə inzibati qaydada protokol tərtib edilib. İki nəfər isə məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunublar.

Hadisə 2020-03-30 15:37:00