×
A
A
A
Sazlamalar

Azərbaycan Milli Elmlər Akademiyasının magistrantları üçün distant tədris təşkil ediləcək

Bakı, 30 mart, AZƏRTAC

Azərbaycan ərazisində yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 2020-ci il mart ayının 3-dən ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasında tədris prosesi müvəqqəti olaraq dayandırılıb. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev rəhbərlik etdiyi qurumun magistrantları üçün təhsil prosesinin müəyyən olunmuş müddətlərdə həyata keçirilməsini, tədris olunan fənlərin tədris planlarında nəzərdə tutulmuş həcmdə mənimsənilməsini təmin etmək məqsədilə müvafiq sərəncam imzalayıb.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, sərəncama əsasən AMEA-nın magistraturasında təhsil alan tələbələr üçün distant (məsafədən) təhsilin təşkil edilməsi nəzərdə tutulub. Tədris prosesinə cəlb edilmiş professor-müəllim heyətinə öz işçi planlarında (sillabuslarda) nəzərdə tutduqları mövzuların tədrisini internet üzərindən elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında həyata keçirmələri tövsiyə olunub. Həmçinin magistrantların distant tədris zamanı müvafiq fənlərin öyrənilməsində əldə etdikləri bilik və bacarıqlarının qiymətləndirilməsi, sərbəst işlər və kollokviumların onlayn rejimdə keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Sərəncamın icrasına nəzarət AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqova həvalə edilib.

Elm və təhsil 2020-03-30 14:14:00