×
A
A
A
Sazlamalar

“Azərkosmos”un əməkdaşları koronavirusla bağlı xüsusi gücləndirilmiş iş rejimində çalışırlar

Bakı, 30 mart, AZƏRTAC

“Azərkosmos” ASC-nin əməkdaşları koronavirus pandemiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə xüsusi gücləndirilmiş iş rejimində çalışırlar.
ASC-dən AZƏRTAC-a bildirilib ki, “Azərkosmos” ofis şəraitində əməkdaşlarının bir arada işləməsini xüsusi karantin rejimində riskli hesab edir. Belə ki, ASC ofisdə olması lazım olan əməkdaşlar istisna olmaqla işin effektivliyini saxlayaraq evdən distant işləmə sistemində fəaliyyətini davam etdirir.
Peyk operatorlar və mühəndislər 24 saat növbəli iş rejimində tam izolyasiya olunmuş iş şəraitində hər 3 peyk – “Azerspace-1”, “Azerspace-2” və “Azersky”ın fasiləsizliyini təmin edir və onları daim nəzarətdə saxlayırlar.
“Azərkosmos” olaraq sizi özünüzün və doğmalarınızın sağlamlığı üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara tam əməl etməyə çağırırıq və yalnız zəruri hallarda evdən çıxmağınızı tövsiyə edirik. Gəlin qaydalara əməl etməklə virusa birlikdə qalib gələk! Biz birlikdə güclüyük!”, - deyə ASC-nin məlumatında bildirilir.

İKT 2020-03-30 10:58:00