×
A
A
A
Sazlamalar

Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib

Kiyev, 27 mart, AZƏRTAC
Ukraynanın Versii.com saytında həmvətənimiz, hüquq elmləri doktoru, Kiyev Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru, Ukraynanın Əməkdar təhsil işçisi Arif Quliyevin 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və təcavüz siyasətinin 200 illik tarixə malik olması qeyd edilir. Bildirilir ki, 1918-ci il martın 30-31-də bədnam Bakı kommunasının başçıları və şovinist ermənilər müsəlman əhaliyə qarşı tarixdə görünməmiş qırğın törədiblər.
Müəllif yazır: “XIX əsrin ikinci yarısında azərbaycanlılara qarşı soyqırımı planlı bir xarakter aldı. O vaxtdan etibarən "böyük Ermənistan" şovinist ideyasının təbliği və erməni xalqının tarixinin saxtalaşdırılması başladı. Azərbaycan, Türkiyə və Gürcüstan ərazilərində "böyük Ermənistan" yaratmaq niyyətində olan daşnaklar terror təşkilatları vasitəsilə bir sıra qırğınlar törətdilər.
O dövrdə Rusiyada baş verən inqilabi proseslərdən yararlanan ermənilər onlarla kənd və şəhəri etnik təmizləməyə məruz qoydular, azərbaycanlıları Bakı, Şuşa, Zəngəzur, İrəvan, Naxçıvan və digər ərazilərdən qovdular. İlk qanlı hadisələr 1905-1907-ci illərdə Bakıda başlayaraq bir çox Azərbaycan kəndlərini əhatə etdi. Bundan sonra da minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi və ata-baba torpaqları Ermənistan ərazisinə çevrildi.
1998-ci il martın 26-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların Soyqırımı haqqında” Fərmana əsasən martın 31-i Azərbaycanlıların Soyqırımı günü elan edildi. Bu, erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət oldu”.


Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

31 mart 2020-03-27 21:21:00