×
A
A
A
Sazlamalar

Külli miqdarda siqaretin ölkəmizə qanunsuz yollarla gətirilməsi cəhdinin qarşısı alınıb VİDEO

Bakı, 27 mart, AZƏRTAC

Gömrükçülərin həyata keçirdikləri xüsusi əməliyyat nəticəsində ölkəmizə qanunsuz yollarla gətirilən, təxmini dəyəri 6 milyon manat təşkil edən tütün məmulatlarının realizə olunması cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, komitənin Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən və Azərbaycan vətəndaşı Tahirov İlkin Əlifağa oğlunun faktiki istifadəsində olan qapalı tipli anbarda ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış külli miqdarda tütün məmulatlarının saxlanılması barədə əməliyyat məlumatı daxil olub. Dərhal yaradılan əməliyyat qrupu qeyd olunan ünvanda yerləşən 500 kvadratmetrlik qapalı tipli anbara baxış keçirib. Yoxlama zamanı anbarda 5041 karton qutu aşkar olunub. Qutulara baxış keçirilən zaman oradan Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 924 min qutu “Milano”, 983 min 500 qutu “Cavallo”, 584 min qutu “Kent Nanotek 2” və 29 min qutu “Marlboro Gold Edge” markalı, ümumilikdə isə 50 milyon 410 min ədəd siqaret aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2020-03-27 16:34:00

Video