×
A
A
A
Sazlamalar

Ağdaş sakinlərindən iki kiloqramdan çox narkotik vasitə götürülüb

Bakı, 17 mart, AZƏRTAC 

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbirləri keçirilib.
Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, şöbə əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 33 yaşlı Ağdaş şəhər sakini Ruslan Rəsulov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 ədəd sellofan torbada ümumi çəkisi 1 kiloqram 10 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.
Rayon polis şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri digər bir əməliyyat tədbiri nəticəsində Ağdaş şəhər sakini Müşfiq Əzizov şübhəli şəxs qismində yaxalanıb. Ondan da üzərində gəzdirdiyi sellofan torbada çəkisi 1 kiloqram 40 qram qurudulmuş marixuana aşkar edilib və qablaşdırılaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.

Hadisə 2020-03-17 10:38:00