×
A
A
A
Sazlamalar

“Baktelecom”da koronavirusla bağlı profilaktik tədbirlər görülür

Bakı, 16 mart, AZƏRTAC 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakı Telefon Rabitəsi” MMC (“Baktelecom”) koronavirus COVID-19 infeksiyasına qarşı təxirəsalınmaz profilaktik tədbirlərini qurumun inzibati binasında da həyata keçirir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, eyni zamanda, MMC-nin nəzdində fəaliyyət göstərən rabitə xidmətləri mərkəzlərində, “AzeuroTel” MMC və “Azərrabitəlayihə” MMC-də yeni növ koronavirusun profilaktikası üzrə bir sıra qabaqlayıcı tədbirlər görülür. Dezinfeksiya işləri qrafikə uyğun olaraq müraciətçilərin qəbulu baş tutan xidmət və abunə zalları, iş otaqları və binaların giriş-çıxış hissələrində aparılır. Əməkdaşların, müraciətçi və abunəçilərin təhlükəsizliyini təmin etmək məqsədi ilə virusa qarşı profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək.
Həmçinin koronavirusun yayılmasının qarşısının alınması məqsədilə antiseptik məhlullar, duru sabun, tibbi əlcək və maskalar, qapaqlı tullantılar və bunun kimi profilaktik vasitələr də tədarük olunur.
Qeyd edək ki, COVID-19 virusunun yayılması, qarşısının alınması məqsədilə nazirlikdə "qaynar xətt" (598 38 99 və 598 46 99) yaradılaraq 24/7 formatında fəaliyyəti təmin olunub. "Qaynar xətt" operatorları virus infeksiyası barədə təlimatlandırılıblar.

İKT 2020-03-16 17:42:00