×
A
A
A
Sazlamalar

Astarada keçmiş məhkumun evindən dörd kiloqrama yaxın tiryək aşkarlanıb

Bakı, 16 mart, AZƏRTAC 

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində 3,7 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ərçivan qəsəbəsinin sakini, əvvəllər məhkum olunmuş Şükür Səmədov bir bükümdə heroin satarkən cinayət başında saxlanılıb. “İsti izlər”lə davam etdirilən tədbirlər zamanı saxlanılan şəxsin Ərçivan qəsəbəsindəki yaşadığı evdən ümumi çəkisi 3 kiloqram 697 qram tiryək, iki bükümdə ümumi çəkisi 1,546 qram psixotrop maddə olan metamfetamin və bir bükümdə heroin aşkarlanaraq götürülüb. Ş.Səmədov narkotik vasitəni Behman adlı İran vətəndaşından əldə etdiyini və satışını təşkil etmək üçün evində saxladığını bildirib.
Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.

Hadisə 2020-03-16 15:37:00