×
A
A
A
Sazlamalar

Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan dəstə üzvləri saxlanılıb

Bakı, 16 mart, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçiriblər.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İdarəyə Ceyhun adlı şəxsin narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxsin tutulması istiqamətində keçirilən əməliyyat nəticəsində Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Abışov saxlanılıb. Onun üzərində axtarış aparılan zaman 1 kiloqram 5 qram heroin və 102,303 qram metamfetamin aşkar edilib.
C.Abışov ifadəsində narkotik vasitələri Əmir adlı şəxsdən satmaq niyyəti ilə aldığını bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq ona narkotik vasitələri satan paytaxt sakini Əmir Babayev də tutulub. Onun idarə etdiyi “Mercedes ”markalı avtomobilə baxış zamanı külli miqdarda narkotik vasitələr - 1 kiloqram 910 qram tiryək, 30,282 qram heroin və 1 kiloqram 15 qram marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. C.Abışov və Ə.Babayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib, əməliyyat tədbirləri davam etdirilir.

Hadisə 2020-03-16 11:13:00