×
A
A
A
Sazlamalar

Qənirə Paşayeva: Azərbaycan Prezidenti Milli Məclisdəki nitqində qarşıya bütün sahələr üzrə hədəflər qoydu

Bakı, 14 mart, Səadət Hakıyeva, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin altıncı çağırış Milli Məclisin ilk iclasındakı nitqi proqram xarakterli idi. Dövlətimizin başçısı nitqində qarşıya bütün sahələr üzrə ölkəmizin gələcəyini müəyyən edən hədəflər qoydu. Azərbaycanın, dövlətçiliyimizin inkişaf istiqamətləri hədəfimizin ana xəttini təşkil edir. Prezident nitqində həm hökumətin, həm də qanunverici orqan kimi Milli Məclisin üzərinə düşən vəzifələri müəyyənləşdirdi, tapşırıqlar verdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.
Qənirə Paşayeva deyib: “Prezident İlham Əliyev birmənalı olaraq vurğuladı ki, qarşıya qoyulan əsas məqsəd ölkəmizin daha da inkişaf etdirilməsi, xalqımızın rifah halının daha da yaxşılaşdırılması, eləcə də narahatlıq doğuran məsələlərin tezliklə öz həllini tapmasıdır”.
Azərbaycan Prezidentinin nitqində iki mühüm məqamı diqqətə çatdıran deputat deyib: “Vacib məqamlardan biri ölkəmizdə bütün sahələrdə islahatların aparılması ilə yanaşı, Milli Məclisin fəaliyyətinin daha da yaxşılaşdırılması istiqamətində də çox önəmli mexanizmlərin həyata keçirilməsidir. İkinci məqam onunla bağlıdır ki, vətəndaşların problemlərinin həlli üçün mexanizmlərin daha da gücləndirilməsi istiqamətində dövlət başçısı çox ciddi tapşırıqlar verdi. Prezident diqqətə çatdırdı ki, deputatlar seçicilərinin yanında olmalı, onların problemlərini dinləməli və həll etməlidirlər. Milli Məclisin üzvləri problemlərin həlli ilə bağlı icra qurumları ilə əlaqə yaratmalı, görüşlərdə birgə iştirak etməlidirlər. Bu baxımdan, yerlərdə insanları narahat edən problemlərin vaxtında həll olunması vacib məsələ kimi qarşıya qoyulur. Prezident vurğuladı ki, vətəndaşların problemlərinə həssas yanaşma mütləqdir və bu problemlər vaxtında həll olunmalıdır”.
Müxtəlif qurum rəhbərlərinin Milli Məclisin komitə iclaslarında iştirak edəcəklərini bildirən deputat qeyd edib ki, onların komitə iclaslarında iştirakı və deputatların qaldırdıqları məsələlərin onların iştirakı ilə müzakirə olunması çox yaxşı haldır. Bu, müzakirə olunan məsələlərin həllində müsbət rol oynayacaq.
Q.Paşayeva bildirib ki, Prezident nitqində hər zaman olduğu kimi, ölkəmizin bir nömrəli problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da fikirlər səsləndirdi. Azərbaycan həqiqətlərinin bütün platformalarda daha geniş şəkildə dünyaya çatdırılması deputatların da üzərinə düşən ciddi məsuliyyətdir.
“Beləliklə, dövlət başçısının altıncı çağırış Milli Məclisin ilk iclasındakı nitqində qaldırdığı məsələlərin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahının təmin olunması, problemlərinin vaxtında öz həllini tapması məsələləri durur. Milli Məclisin yeni tərkibi dövlət başçısının tövsiyələrini əsas tutaraq bundan sonra daha məhsuldar fəaliyyət göstərəcək, ölkəmizdə həyata keçirilən islahatların dərinləşməsinə öz töhfəsini verəcək”, – deyə deputat fikirlərini tamamlayıb.

Daxili siyasət 2020-03-14 14:03:00